Andre Onana: “Həyatımın ən yaxşı günlərini yaşayıram”
“Trabzonspor”un rəsmi YouTube kanalı “Andre Onananın bir günü” adlı video yayımlayıb. Video “Mançester Yunayted”dən icarə əsasında çıxış edən qapıçıya həsr olunub.
90plus.az xəbər verir ki, videoda səsləndirdiyi fikirlərdən birində Andre Onana bu mövsümdən sonra da Türkiyə klubunda qalmaq istədiyinə eyham vurub:
“İnanın, çox xoşbəxtəm. Həyatımın ən yaxşı günlərini yaşayıram. Heç nədən şikayət edə bilmərəm, burada olmaqdan çox məmnunam.”
28 yaşlı qapıçı azarkeşlərin ona olan münasibətindən də danışıb:
“Bəzən maşın sürürəm və birdən bir avtomobil qabağıma keçir. ‘Onana, saxla, şəkil çəkdirmək istəyirəm’ deyirlər. Öz-özümə fikirləşirəm ki, ‘bunu başqa cür də etmək olar’. Amma məni görəndə sevinirlər və mən də sevinirəm.”
Onana etiraf edib ki, əvvəlcə uyğunlaşmaq çətin olub:
“İlk vaxtlar çətin idi, amma indi başa düşürəm. Onlar mənim adamlarımdır. Onları sevirəm və bu hissi sevirəm. Çünki çox ehtiraslıdırlar. Bu, möhtəşəm bir şeydir. Burada olmasan, bunu təsvir etmək mümkün deyil.”
Sonda isə Trabzondakı həyatından razı qaldığını vurğulayıb:
“Burada keçirdiyim zaman mənim üçün mükəmməl olub. Burada olmaqdan xoşbəxtəm. Həyat tərzi fərqlidir, amma çox gözəldir. Həqiqətən inanılmaz, möhtəşəmdir.”
© Copyright 2026, All Rights Reserved