“Bu mövsüm “İmişli” “Zirə”yə uduzmadı”
Kaşkilya: “İmişli” bu mövsüm “Zirə”yə uduzmadı”.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunda “İmişli” doğma meydanda “Zirə” ilə qolsuz heç-heçə edib. Qarşılaşmadan sonra bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya mətbuat konfransında komandasının çıxışını yüksək qiymətləndirib.
Gürcü mütəxəssis ilk olaraq oyun bitdikdən sonra rəqib komandanın baş məşqçisi Rəşad Sadıqov ilə görüşə bilməməsinə aydınlıq gətirib:
“Oyundan sonra görüşmədiyim üçün Rəşad Sadıqovdan üzr istəyirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi”.
Kaşkilya matçın gedişatını da şərh edib və nəticənin ədalətli olduğunu söyləyib:
“Birinci hissədə yaxşı oynadıq. Rəqibdən daha çox qol şansları yaratdıq. İkinci yarıda isə rəqabətli oyun gedirdi. Son 20 dəqiqədə “Zirə” daha fəal idi. Buna görə də müdafiə olunduq. Məncə, heç-heçə ədalətli nəticədir”.
Baş məşqçi “İmişli”nin mövsüm ərzində “Zirə”yə uduzmamasını xüsusi vurğulayıb:
“Bu mövsüm “Zirə”yə məğlub olmadıq. Vacib məsələ odur ki, “İmişli” öz məqsədinə nail olub. Oyunçularımı təbrik edirəm. Hər matçda mübarizə aparıblar. “Zirə”yə ölkə kubokunun finalında uğurlar arzulayıram”.
Mütəxəssis ev oyunlarının başqa stadionda keçirilməsi ilə bağlı suala da münasibət bildirib:
“Bilmirəm. Bizim meydanımız buradır, burada oynamalıyıq. Əlimizdən gələni etdik”.
Jorj Kaşkilya sonda komandadan ayrılacağı və klub rəhbərliyinin yeni mövsüm üçün ispaniyalı məşqçi ilə anlaşdığı barədə yayılan iddialara isə cavab vermək istəməyib.
© Copyright 2026, All Rights Reserved