Dambrauskas: “Bu qələbə onlar üçün böyük uğurdur”
“Sabah”ın baş məşqçisi: “Bu oyunu unudub kubokun finalına hazırlaşmalıyıq”.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra fikirlərini bölüşüb.
Litvalı mütəxəssis rəqibi qələbə münasibətilə təbrik edib:
“Kəpəz”i təbrik edirəm. Düşünürəm ki, bu qələbə onlar üçün çox böyük uğurdur. Bu gün nəsə çox şey demək istəmirəm. İlk hissədə dominant tərəf biz idik. Bir neçə künc zərbəsindən fərqlənə bilərdik. Amma “Kəpəz”in qapıçısı yaxşı çıxış etdi. Anlaşılmaz səhv etdik və qol buraxdıq”.
Baş məşqçi əvəzetmələrdən sonra komandasının temp itirdiyini bildirib:
“Əvəzetmələrdən sonra oyunun tempi düşdü. Uzun müddət idi ki, məğlub olmurduq. İndi bu oyunu unudub, qarşıdakı vacib matça – kubokun finalına hazırlaşmalıyıq”.
Dambrauskas heyətdə rotasiya etmələrinin səbəbinə də toxunub:
“Bu gün daha çox az oynayan futbolçularımıza şans verdik. Çünki risk edə bilməzdik. Zədəli oyunçularımız ola bilərdi. Düzdür, bu gün oyunçularımızın əzmkarlığından narazı deyiləm. Həmin oyunçular ardıcıl bir neçə tur çıxış etsələr, daha çox uyğunlaşarlar”.
© Copyright 2026, All Rights Reserved