Rəşad Sadıqov: “Mayda palçıqda futbol oynayırıq”
Rəşad Sadıqov: “May ayında palçıqda futbol oynayırıq”.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 31-ci turunun açılış matçında “Zirə” səfərdə “İmişli” ilə qolsuz heç-heçəyə razılaşıb. Oyundan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssis meydançanın durumunun oyuna ciddi təsir etdiyini bildirib:
“Olduqca ağır oyun oldu. Meydançanın vəziyyətini gördünüz. Futbolçular 90 dəqiqə ərzində çox istəkli idilər. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma sonluğu gətirə bilmədik. Məyusuq. Qələbə qazanmaq istəyirdik. Artıq önümüzdəki oyunlara hazırlaşmalıyıq”.
Rəşad Sadıqov komandasının üstün tərəf olduğunu vurğulayıb:
“Üstün tərəf biz idik, yaxşı qol fürsətləri yaratdıq. Qəti şəkildə sırf kuboku düşünmürük. Adətən kubokun finalı mövsümün sonunda olurdu. İndi isə ağır qrafikə təsadüf etdi. Rotasiyaların, zədələrin oyunumuza təsiri olur. Sıx qrafikdən keçmişik. 35 gün ərzində 8-ci oyunumuz idi. Aprel ayı bizi çox yordu. Meydançanın keyfiyyəti son ötürmələrə, zərbələrə təsir edirdi”.
Təcrübəli çalışdırıcı Premyer Liqadakı stadion və infrastruktur məsələlərinə də toxunub:
“Əsas olan məqsədin nə olmasıdır. Məqsəd sadəcə sayı artırmaqdırsa, say artıb, may ayında palçıqda futbol oynayırıq. Klubların çoxu 3-4 stadionda oynayır. İnfrastrukturu, stadionu olan klub varsa, Premyer Liqaya gələ bilər. Çempionatımızda keyfiyyətli komandalar, legionerlər var. Bu keyfiyyəti saxlamaq üçün ən azı ot örtüyü yaxşı vəziyyətdə olmalıdır”.
© Copyright 2026, All Rights Reserved