Futbolçu tilsimli sikkəni udub, oyun zamanı öldü
Burundi futbolunda faciə: 20 yaşlı futbolçu oyun zamanı həyatını itirdi.
90plus.az xəbər verir ki, Burundi 2-ci Liqasında çıxış edən 20 yaşlı futbolçu İgiraneza Aime Querriç faciəvi şəkildə vəfat edib.
Məlumatlara görə, gənc futbolçu matçın gedişində meydanda qəfil huşunu itirərək yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilsə də, xəstəxanaya aparılarkən dünyasını dəyişib. Burundi Futbol Federasiyası (BFF) rəsmi açıqlama yayaraq futbolçunun ailəsinə və klubuna başsağlığı verib.
Ölüm səbəbi ilə bağlı iddialar
Rəsmi qurumlar futbolçunun ölüm səbəbinin hələlik dəqiq müəyyən edilmədiyini bildirir. Lakin yerli mənbələrin yaydığı məlumatlarda faciənin qeyri-adi detalları yer alıb. Bildirilir ki, Aime Querriç bəzi Afrika ölkələrində, o cümlədən Burundi futbolunda geniş yayılmış inanclara uyğun olaraq, “gris-gris” adlanan və uğur gətirdiyinə inanılan tilsimli sikkəni oyun zamanı ağzında saxlayıb.
İddialara əsasən, futbolçu bu sikkəni təsadüfən udub və bu hal onun səhhətinin kəskin pisləşməsinə səbəb olub. Qeyd olunur ki, oxşar inanclar yerli futbol mühitində nadir hal deyil, lakin bu dəfə nəticə faciəvi olub.
Rəsmi tibbi ekspertiza başa çatdıqdan sonra futbolçunun ölüm səbəbi ilə bağlı əlavə məlumatın açıqlanacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved