Globe Soccer: Dioqo Jota da mükafatlandırıldı
Dioqo Jota 2025-ci il "Globe Soccer Awards" mərasimində Dubayda xüsusi mükafatla təltif olunub. Onun adından mükafatı valideynləri qəbul ediblər.
90plus.az bildirir ki, mükafatı futbol agenti Jorje Mendeş təqdim edib və zalda toplaşanlar bunu ayaqüstə alqışlarla qarşılayıblar.
Bu təltif bir gün əvvəl “Enfild”də baş verən emosional anlardan sonra gəlib. Premyer Liqa matçı zamanı “Liverpul” və “Vulverhempton” klubları Jotanın xatirəsini yad ediblər.
Futbolçunun övladları oyunöncəsi futbolçuları meydana maskot kimi müşayiət edib, hər iki komandanın azarkeşləri isə Dioqo Jotanın şərəfinə mahnılar səsləndiriblər.
Globe Soccer rəsmi açıqlama yayaraq bildirib ki, xüsusi mükafat Dioqo Jotanın xatirəsinə, ona olan hörmət və sevgi ilə təqdim olunub. Anım mükafatını futbolçunun valideynləri — Xoakim və İzabel Silva qəbul ediblər. Onların mərasimdə iştirakı gözəl oyunun insani tərəfini və Dioqo Jotanın futbol dünyasında qoyduğu dərin izi bir daha xatırladıb.
Açıqlamada həmçinin vurğulanıb ki, Andre, Dioqo və onların ailəsi Globe Soccer ailəsinin, eləcə də bütün futbol ictimaiyyətinin daim düşüncələrində qalacaq.
© Copyright 2026, All Rights Reserved