Levandovskiyə gələn təkliflərin heç biri ürəkaçan deyil
Robert Levandovskinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. İtaliya mətbuatının (Tuttosport) məlumatına görə, "Yuventus" polşalı hücumçuya rəsmi müqavilə təklifi göndərib.
90plus.az xəbər verir ki, futbolçunun "Barselona" ilə müqaviləsi 30 iyun tarixində başa çatır və tərəflər arasında hələlik yeni anlaşma əldə olunmayıb. Bu səbəbdən onun yayda azad agent kimi klubdan ayrılması ehtimalı artır.
“Yuventus” artıq danışıqları sürətləndirib və 37 yaşlı forvarda illik 6 milyon avro (xalis) + bonuslar şərtilə 1 illik müqavilə təklif edib. Bu təklif futbolçunun agenti Pini Zahavi ilə klubun baş direktoru Demyen Komolli arasında keçirilən görüşdə müzakirə olunub.
Danışıqlar davam edir və may ayında İtaliyada növbəti görüş planlaşdırılıb. Turin klubu transferin baş tutacağına optimist yanaşır və Levandovskiyə əsas heyətdə daimi yer vəd etməyə hazırdır. Bu şərt razılaşma üçün əsas amillərdən biri sayılır.
Polşalı hücumçu “Yuventus”un hücum xətti üçün əsas hədəfinə çevrilib. Bu səbəbdən klub Duşan Vlahoviç ilə müqavilə yenilənməsi danışıqlarını müvəqqəti dayandırıb.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı klublarının marağı da davam edir və futbolçu bu variantı da nəzərdən keçirə bilər.
“Barselona” isə oyunçuya maaşı azaldılmış yeni müqavilə təklif edib. Maliyyə şərtlərinin “Yuventus”un təklifi ilə yaxın olduğu bildirilir. Lakin Hansi Flikin planlarında Levandovskinin əsas heyətdə yeri artıq zəmanətli deyil.
Təcrübəli forvardın "Barselona"da qalmaqdan narazı olmadığı deyilsə də, o, yüksək səviyyədə rəqabət aparmaq istəyir. Son oyunlarda ehtiyatdan meydana çıxması isə futbolçunu qane etmir.
Hazırda “Barselona” Levandovskinin yekun qərarını gözləyir. Onun mümkün ayrılığı klubun maaş büdcəsini azaldaraq yeni transferlər üçün imkan yarada bilər.
© Copyright 2026, All Rights Reserved