Portuqaliya Kubokunda qalmaqallı gecə: 12 dəqiqəlik VAR yoxlaması
Portuqaliya Kubokunun 1/8 final mərhələsində “Santa Klara” ilə “Sportinq” arasında illər boyu unudulmayacaq bir qarşılaşma baş tutub.
90plus.az xəbər verir ki, oyunda 3 qırmızı kart, 12 dəqiqə davam edən VAR yoxlaması və 90+16-cı dəqiqədə təyin olunan penalti ölkə futbolunda böyük rezonans doğurub.
Görüşə sürətli başlayan qonaq komanda “Sportinq” 12-ci dəqiqədə Joao Simoeşin qolu ilə hesabda önə keçib. “Santa Klara” 28-ci dəqiqədə bərabərlik qolunu vurub, 86-cı dəqiqədə isə 2:1 hesabı ilə üstünlüyü ələ alıb.
Bu qoldan sonra meydanda gərginlik yaşanıb. Faul epizodunun ardından futbolçular arasında dava düşüb və “Santa Klara”nın futbolçusu Paulo Viktor qırmızı vərəqə alıb. Hadisələr bununla da bitməyib. 90+13-cü dəqiqədə yaşananlardan sonra ev sahibi komandadan Vanensio və Soares də qırmızı vərəqə ilə cəzalandırılıb.
Matçın ən çox müzakirə olunan anı isə 90+16-cı dəqiqədə yaşanıb. “Sportinq”in qazandığı penalti VAR tərəfindən 9 dəqiqə ərzində yoxlanılıb. Daha sonra baş hakim Pinyeiro monitor qarşısına dəvət olunub və təxminən 3 dəqiqəlik baxışdan sonra penalti qərarı qüvvədə saxlanılıb. Luis Suares penalti zərbəsini dəqiq yerinə yetirib və hesab 2:2 olub. Qarşılaşma əlavə vaxta gedib.
Əlavə vaxtda, 98-ci dəqiqədə İoannidisin vurduğu qolla “Sportinq” 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Matçın sonunda verilən penalti qərarı Portuqaliya futbolunda ciddi narazılıq yaradıb. Bir sıra klublar ard-arda açıqlamalar verərək hakimlik və VAR sisteminin tətbiqinə etiraz ediblər. “Portu” klubu isə məsələ ilə bağlı sərt mövqe sərgiləyərək təcili tədbirlərin görülməsini tələb edib.
© Copyright 2026, All Rights Reserved