"Ronaldo-Messi eyni komandada" adlı xəbər yaydılar, zarafat çıxdı
Böyük səs-küy yaradan xəbər yalan çıxdı: “Ronaldo – Messi eyni komandada” sadəcə zarafat imiş.
90plus.az bildirir ki, İspaniya mətbuatı bu gün Kriştiano Ronaldo ilə bağlı diqqətçəkən bir xəbər yayıb. Xəbərdə portuqaliyalı ulduzun karyerasını Lionel Messi ilə birlikdə başa vurmaq üçün “İnter Mayami” klubuna transfer olmaq istədiyi iddia olunurdu. Dünya mediasında böyük rezonans doğuran bu məlumatın əslində həqiqəti sonradan üzə çıxıb.
İspaniyanın nüfuzlu nəşrlərindən olan Mundo Deportivo, “Al-Nassr” formasını geyinən Kriştiano Ronaldonun menecerlərinə “İnter Mayami”yə keçidlə bağlı tapşırıq verdiyini yazmışdı. Xəbərdə Ronaldonun karyerasının son dövründə Lionel Messi ilə eyni komandada oynamaq və daha sonra futbolçu karyerasını başa vurmaq istədiyi vurğulanırdı.
Lakin yayılan bu xəbər böyük bir zarafat imiş. Məlum olub ki, İspaniyada 28 dekabr tarixi “Zarafat günü” kimi qeyd olunur və bu gün 1 aprel zarafat gününə bənzər məna daşıyır. Buna görə də yayımlanan xəbər tamamilə zarafat məqsədi daşıyıb.
Hətta yazının davamında Kriştiano Ronaldonun “İnter Mayami”yə keçmək istəməsinin səbəbləri sarkastik üslubda təqdim olunub. Məsələn, onun “Terminator 7” filmi üçün təklif aldığı kimi uydurma detallar da xəbərə əlavə edilərək, mətn həmin günün ruhuna uyğun hazırlanıb.
Beləliklə, futbol azarkeşlərini həyəcanlandıran “Ronaldo və Messi eyni komandada” iddiası reallıq deyil, sadəcə 28 dekabr zarafatından ibarət olub.
© Copyright 2026, All Rights Reserved