2029 Dünya Çempionatı Qətərə verilə bilər
“Real Madrid” və Avropa ilə Cənubi Amerikanın bir sıra klubları gəlirlərini artırmaq məqsədilə yenilənmiş Klubların Dünya Çempionatının hər iki ildən bir keçirilməsinin tərəfdarıdır. Lakin FİFA bu ideyanı hazırda “mümkün olmayan” variant kimi qiymətləndirir – bu barədə ESPN bir neçə mənbəyə istinadən məlumat yayıb.
90plus.az xəbər verir ki, hazırda rəsmi müraciət olmasa da, ABŞ-də keçirilmiş son turnir zamanı bir neçə aparıcı klubun rəhbərləri bu ehtimalı FİFA nümayəndələri ilə müzakirə ediblər. FİFA yeni formatdan razı qalıb, lakin bu turnirin iki ildən bir təşkil edilməsini indiki şəraitdə real hesab etmir və növbəti turnirin 2029-cu ildə keçirilməsinə hazırlaşır.
Qətər artıq 2022-ci ildə Dünya Çempionatına ev sahibliyi etmiş və bunun üçün zəruri maliyyə və infrastruktur imkanlarına malikdir. Amma iqlim şəraiti səbəbindən turnirin yalnız dekabr ayında baş tutması mümkündür ki, bu da oyun təqviminə uyğun gəlmir.
Qeyd: Ötən il o zamankı “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti yeni formatda Klubların Dünya Çempionatında iştirak etməyəcəklərini açıqlamışdı. O, İtaliyanın Il Giornale qəzetinə demişdi:
“Bir “Real Madrid” oyunu 20 milyon avro dəyərindədir. FİFA isə bizə bütün turnir üçün eyni məbləği təklif edir. Bu qəbuledilməzdir. Bizdən başqa digər klublar da dəvəti rədd edəcək.”
Eyni zamanda, La Liqa prezidenti Xavyer Tebas da FİFA-nın bu yeni formatına qarşı sərt tənqidlər irəli sürüb.
Məlumata görə, son turnirdə iştirak edən komandalara ümumilikdə 1 milyard dollar paylanıb. Mənbələr hesab edir ki, bu cür gəliri hər iki ildən bir təmin etmək real deyil.
Məsələn, yarımfinala yüksələn “Real Madrid” 82.5 milyon dollar, çempion olan “Çelsi” isə 114.6 milyon dollar gəlir əldə edib.
FİFA-nın fikrincə, turnirin iki ildən bir keçirilməsi UEFA ilə ziddiyyətlərə səbəb ola bilər və bu, qurumun maraqlarına uyğun deyil. Üstəlik, sıx futbol təqvimi daxilində bu cür yarış üçün yer tapmaq da çox çətindir.
ESPN-ə danışan mənbə bildirib ki, FİFA 2029-cu ildə yeni Klubların Dünya Çempionatını təşkil etməyi planlaşdırır və Qətər bu turnirə ev sahibliyi edə biləcək əsas namizədlərdən biridir.