Markinyos: “Bayram edin, amma problem yaratmayın!”
PSJ-nin kapitanı Markinyos UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında məğlub edərək titulu qoruduqdan sonra komandasının xarakterini və əzmini yüksək qiymətləndirib.
90plus.az xəbər verir ki, oyundan sonra danışan mərkəz müdafiəçisi ardıcıl iki dəfə Avropanın ən nüfuzlu klub turnirində qalib gəlməyin xüsusi hisslər yaşatdığını bildirib.
“Ardıcıl iki dəfə qazanmaq tamam fərqli emosiyadır. Mövsümün ilk günündən bu kuboku nə qədər çox istədiyimizi göstərdik”, – deyə Markinyos bildirib.
Braziliyalı futbolçu finaldakı uğurda baş məşqçi Luis Enrikenin və komanda birliyinin mühüm rol oynadığını vurğulayıb.
“Məşqçi demişdi ki, ikinci dəfə qalib gəlmək daha çətindir. Bu gün tam heyətlə və düzgün mentalitetlə meydana çıxmışdıq”, – deyə o qeyd edib.
Markinyos qarşılaşma zamanı ehtiyatdan meydana daxil olan futbolçuların da qələbəyə böyük töhfə verdiyini bildirib.
“Qonsalu və Beraldonun oyuna daxil olduğunu gördük. Buradakı atmosfer inanılmaz idi”, – deyə PSJ kapitanı əlavə edib.
Onun müsahibəsi zamanı PSJ rəhbərliyinin nümayəndələrindən biri canlı yayımda bayram ab-havasına qoşularaq söhbəti qısa müddətə kəsib.
Markinyos çıxışının sonunda Parisdəki azarkeşlərə də müraciət edib:
“Parisdəki hər kəsə təşəkkür edirəm! Bayramınızı edin, amma problem yaratmayın!”
Bu qələbə ilə PSJ UEFA Çempionlar Liqasındakı titulunu uğurla qoruyaraq Avropa futbolundakı üstünlüyünü bir daha təsdiqləyib.
© Copyright 2026, All Rights Reserved