Camal Musiala: “Bu hadisədə heç kimin günahı yoxdur”
“Bayern Münhen”in yarımmüdafiəçisi Camal Musiala zədəsi ilə bağlı heç kimin günahlandırılmamasını xahiş edib.
90plus.az xəbər verir ki, Musiala bu barədə sosial şəbəkədə videomüraciət paylaşıb.
Xatırlatma: Musiala Klubların Dünya Çempionatının 1/4 finalında PSJ qapıçısı Canluici Donnarumma ilə toqquşmadan sonra baldır sümüyündən zədə alaraq əməliyyat olunub. Həmin oyunda “Bayern” 0:2 hesabı ilə uduzmuşdu.
Musiala bildirib: “Mənə göstərilən sevgi və dəstəyə görə hamınıza təşəkkür edirəm. Bu mənim üçün çox önəmlidir. Belə anlarda futbol dünyasının birləşdiyini görmək xoşdur və bunu çox yüksək qiymətləndirirəm. Əməliyyat uğurlu keçdi. Həkimlərin ciddi nəzarəti altındayam. Bu hadisədə heç kimin günahı yoxdur. Belə hallar olur və mən indi bu vaxtı özümü bərpa edib, yenidən güc toplamaq üçün istifadə edəcəyəm. Tezliklə görüşmək ümidilə!”
Klubların Dünya Çempionatında baş verən həmin epizodda PSJ qapıçısı Donnarumma Musialanın ayağını sındırmışdı. Donnarumma zədədən sonra Musialanı paltardəyişmə otağında ziyarət etmədiyi üçün tənqid olunub.
Amma Donnarumma mediaya açıqlamasında hadisənin qəsdən olmadığını deyib: “Baş verənlər məni çox sarsıtdı. Musialaya zərər vermək fikrim əsla yox idi.”
Münhen klubunun kapitanı Manuel Noyer Donnarummanı hadisədən sonra göstərdiyi davranışa görə kəskin tənqid edib.
Qeyd: Musialanın bu zədədən sonra 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved