Daha bir avrokubok İngiltərəyə nəsib oldu
“Kristal Pelas” tarix yazdı: London klubu tarixində ilk dəfə Avropa kubokuna sahib oldu.
90plus.az xəbər verir ki, “Kristal Pelas” klub tarixində ilk dəfə Avropa kuboku qazanıb. İngiltərə təmsilçisi UEFA Konfrans Liqasının finalında İspaniyanın “Rayo Valyekano” komandasını 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Final görüşünün taleyini Jan-Filip Matetanın vurduğu yeganə qol həll edib. Fransalı hücumçu matçın 50-ci dəqiqəsində fərqlənərək komandasına tarixi zəfər qazandırıb.
Kristal Pelas 1 - 0 Rayo Valyekano
J. F. Mateta 50’
Qol: https://t.me/doxsanplus/117151
Bu uğur London təmsilçisi üçün son iki ildə əldə olunan növbəti böyük nailiyyət olub. Maraqlıdır ki, 2024-cü ilə qədər klubun tarixində cəmi üç titul var idi və onların hamısı aşağı liqa yarışlarında qazanılmışdı. Lakin son dövrdə “Kristal Pelas” əsl yüksəliş yaşayır.
Oliver Qlasnerin rəhbərliyi altında komanda əvvəlcə 2024/25 mövsümündə İngiltərə Kubokunu qazanıb, daha sonra 2025-ci ildə Komyuniti Şildin sahibi olub. İndi isə klub tarixinin ilk Avropa kubokunu muzeyinə aparıb.
Beləliklə, Oliver Qlasner “Kristal Pelas”ın 120 illik tarixində komandanı böyük titullara daşıyan məşqçi kimi yadda qalıb:
“Kristal Pelas” mövsüm ərzində əlavə çətinliklərlə də üzləşmişdi. Klubun əsas səhmdarları ilə bağlı qaydalara görə komanda Avropa Liqasında iştirak edə bilməmiş və Konfrans Liqasına yönləndirilmişdi. Lakin londonlular buna ən yaxşı şəkildə cavab verərək turnirin qalibi oldular.
Bu nəticə ilə “Kristal Pelas” son beş mövsümdə UEFA Konfrans Liqasını qazanan üçüncü İngiltərə klubu olub. Digər tərəfdən, “Rayo Valyekano”nun doqquz oyunluq məğlubiyyətsizlik seriyası ən ağrılı anda sona çatıb.
İngiltərə klubları üçün isə 2025/26 mövsümü Avropa arenasında uğurlu keçir. “Aston Villa” Avropa Liqasının qalibi olub, “Kristal Pelas” Konfrans Liqasını qazanıb. İndi isə futbolsevərlər Çempionlar Liqasında “Arsenal”ın da kuboku başı üzərinə qaldırıb-qaldırmayacağını maraqla gözləyirlər.