Neymar zədələndi! Mundialda iştirakı təhlükədə
Neymarın Dünya Çempionatında iştirakı təhlükə altındadır.
90plus.az xəbər verir ki, Braziliya millisinin ulduz futbolçusu Neymarın 2026-cı il Dünya Çempionatında iştirakı sual altına düşüb. Təcrübəli hücumçunun sağ baldır əzələsində ikinci dərəcəli zədə aşkarlanıb - ESPN Brasil.
Zədə Braziliyanın iyunun 13-də Mərakeşə qarşı keçirəcəyi ilk oyun ərəfəsində baş verib. Həkimlərin ilkin qiymətləndirməsinə görə, bərpa müddəti 2-3 həftə çəkə bilər ki, bu da Neymarın turnirin başlanğıcına hazır olub-olmayacağı ilə bağlı ciddi narahatlıq yaradıb.
Bununla belə, Braziliya Futbol Konfederasiyası hələlik 33 yaşlı futbolçunun heyətdən çıxarılmasını nəzərdən keçirmir. Neymar yaxın günlərdə müalicə alacaq və iyunun 12-də ABŞ-ın Nyu-Cersi ştatında yenidən tibbi müayinədən keçəcək. Millinin rəhbərliyi yekun qərarı həmin müayinənin nəticələrinə əsasən verəcək.
FİFA qaydalarına əsasən, komandalar ilk oyunlarından 24 saat əvvələ qədər zədəli futbolçunu əvəz edə bilərlər. Lakin bunun üçün FİFA-nın tibbi komitəsinin təsdiqi tələb olunur və federasiya futbolçunun turnirdə iştirak edə bilməyəcəyini sübut edən sənədlər təqdim etməlidir.
Neymarın vəziyyəti Braziliya üçün əlavə risk yaradır. Əgər futbolçu tam hazır olmasa və buna baxmayaraq heyətdə saxlanılsa, komanda Dünya Çempionatında fayda verə bilməyəcək bir oyunçu ilə yoluna davam etmək məcburiyyətində qala bilər.
Qeyd: Neymar 2023-cü ildən bəri Braziliya millisində meydana çıxmayıb. O, həmçinin son üç Dünya Çempionatının ikisində müxtəlif zədələrlə üzləşib.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin ehtiyat variantları da mövcuddur. Neymarın heyətdən çıxarılması halında onun yerinə əvvəlcədən FİFA-ya təqdim edilmiş 55 nəfərlik geniş siyahıdan futbolçu seçiləcək. Namizədlər arasında Qabriel Jezus, İqor Jezus, Joao Pedro, Riçarlison, Antoni, Kaio Jorje, Pedro və Samuel Lino kimi hücumçular yer alır.
Hazırda Braziliya düşərgəsində ümidlər Neymarın vaxtında sağalmasına yönəlib. Lakin qərar vaxtı yaxınlaşdıqca təzyiq də artır və millinin heyəti ilə bağlı yekun qərar qarşıdakı günlərdə veriləcək.