Sxadadze: “Qələbəyə layiq olan tərəf biz idik”
Sxadadze gələcəyi ilə bağlı sualı cavabsız qoydu: “Müqaviləm var”.
90plus.az xəbər verir ki, 2026/27 mövsümündə Misli Premyer Liqasında iştirak etmək hüququ qazanan “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze pley-off matçında “Mingəçevir” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Gürcü mütəxəssis ilk növbədə azarkeşlərə müraciət edib və mövsüm ərzində qeyri-sabit çıxış etdiklərinə görə üzr istəyib.
Sxadadze komandasının favorit statusunu doğrultduğunu bildirib:
“Bu oyunda favorit biz idik, amma bunu meydanda sübut etmək lazım idi. Futbolçular oyuna ciddi yanaşdılar və yaxşı futbol nümayiş etdirdilər. Yeganə narazı qaldığım məqam vurulmayan qollar oldu. Çoxlu imkanlarımız vardı, lakin onları dəyərləndirə bilmədik. Belə görüşlərdə daha soyuqqanlı olmaq lazımdır”.
Baş məşqçi hesabın oyunun gedişatını tam əks etdirmədiyini də vurğulayıb. Onun sözlərinə görə, “Qəbələ” ilk hissədə qarşılaşmanın taleyini həll edə bilərdi.
Sxadadze rəqib komandanın çalışdırıcısı Ramiz Məmmədov haqqında da xoş sözlər deyib:
“Ramiz Məmmədovu uzun illərdir tanıyıram və ona böyük hörmətim var. “Mingəçevir”in bu mərhələyə qədər yüksəlməsində onun əməyinin böyük payı var. Bununla belə, bu oyunda qələbəyə layiq olan tərəf biz idik”.
Matçdan sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssisə gələcəyi ilə bağlı da sual ünvanlanıb. “Qəbələ”dəki karyerasının başa çatıb-çatmadığı soruşulan Sxadadze qısa cavabla kifayətlənib:
“Hazırda müqaviləm var. Digər sualları klub rəhbərliyinə ünvanlaya bilərsiniz”.
Beləliklə, “Qəbələ” Premyer Liqada qalmağı rəsmiləşdirsə də, Kaxaber Sxadadzenin komandanın sükanı arxasında qalıb-qalmayacağı hələlik açıq qalır.
© Copyright 2026, All Rights Reserved