DÇ-2026: İngiltərədən baxımsız qələbələr
İngiltərə Dünya çempionatının seçmə mərhələsində itkisiz irəliləməyə davam edir.
90plus.az xəbər verir ki, İngiltərə baş məşqçi Tomas Tuxelin rəhbərliyi altında DÇ-nin seçmə mərhələsində ardıcıl 4-cü qələbəsini Andorraya qarşı qazandı.
İngiltərə 2 - 0 Andorra
C. Garcia 25' (ö.q)
D. Rice 67'
Qollar: https://t.me/doxsanplus/107235
Əslində hücum və müdafiə qarşıdurmasına çevrilən oyunda İngiltərə uzun müddət çətinlik çəkdi, lakin sonda dünya reytinqində 174-cü yerdə qərarlaşan zəif rəqibə qarşı keyfiyyət üstünlüyünü ortaya qoydu.
Tuxel “Nottingham Forest”in yarımmüdafiəçisi Elliot Andersona debüt şansı verdi. Təcrübəsiz oyunçu çox da maraqsız keçən görüşdə ən yaxşı çıxış edən futbolçulardan biri oldu.
Hesab 25-ci dəqiqədə açıldı – Andorra müdafiəçisi Kristian Qarsiya Noni Maduekenin ötürməsini öz qapısına yönəltdi. Bundan sonra rəqib müdafiəsi uzun müddət tab gətirdi. Qapıçı İker Alvares də bir neçə epizodda, xüsusən Andersonun zərbəsində əla reaksiyası ilə fərqləndi. Lakin 67-ci dəqiqədə Riss Ceymsin küncdən ötürməsini Deklan Rays başla qapıya göndərərək fərqi artırdı.
İngiltərə indi Tuxelin dövründə ən çətin sınaq hesab olunan oyuna hazırlaşır – komanda çərşənbə axşamı Belqradda Serbiya ilə qarşılaşacaq.
İngiltərə qələbə qazandı – amma ilhamsız
Tuxelin rəhbərliyi altında İngiltərənin çıxışları Dünya Çempionatının seçmə mərhələsində oxşar ssenari ilə davam edir. Qələbə qazanılır, amma oyunda parlaq və yaradıcı futbol çatışmır.
Görüşdə topa nəzarət, gözlənildiyi kimi, İngiltərənin əlində olsa da, real qol vəziyyətləri nadir idi. Tuxelin komandası Andorranın sıx müdafiəsini yarmaqda çətinlik çəkirdi.
“Nottingham Forest”dən Anderson yarımmüdafiədə ən yaxşı çıxış edənlərdən biri oldu, amma ümumilikdə bu da Tuxelin rəhbərliyi altında tutqun performanslardan biri idi. Oyunun açarı isə Andorra müdafiəçisinin avtoqolu oldu. İkinci qolu isə yalnız Raysın baş zərbəsi ilə tapa bildilər.
İngiltərə hazırda K qrupunun lideridir. Lakin indiyədək rəqiblər – Andorra, Latviya və Albaniya – ciddi sınaq hesab olunmur. İki oyunda Andorraya qarşı yalnız üç qol vurulub. Komandanın mundiala vəsiqə qazana bilməməsi böyük uğursuzluq olar, amma Tuxelin dövrü hələ ki, azarkeşlərdə həyəcan yaratmır.
Matçın ardından futbolçular “Villa Park”da qalan azarkeşlərlə meydanı dövrə vursalar da, Belqradın çətin atmosferində qarşılaşacaqları Serbiyaya qarşı daha üstün performans sərgiləməli olacaqlar.
Növbəti oyun: İngiltərə çərşənbə axşamı Belqradda Serbiyaya qarşı oynayacaq və qrup mərhələsində beşinci qələbəsini hədəfləyəcək.