Dezire Due: “Aşraf Hakiminin günahıdır, hamı məni belə çağırır”
Dezire Due: “Golden Boy 2025” mükafatı ailəm və komanda yoldaşlarım üçündür".
90plus.az xəbər verir ki, PSJ-nin gənc ulduzu Dezire Due bazar ertəsi axşamı Turində “Golden Boy 2025” mükafatını alıb. 20 yaşlı futbolçu bu nüfuzlu mükafatın yalnız özünə yox, bütün Paris Sen-Jermen komandasına aid olduğunu vurğulayıb.
Tuttosport-a danışan Due bu uğuru “böyük qürur və xoşbəxtlik hissi” kimi təsvir edib. O, “İnter”ə qarşı Çempionlar Liqasının finalında vurduğu dubl da daxil olmaqla, klubun tarixi mövsümünün nəticəsi olduğunu bildirib:
“Bu, kollektiv səylərin nəticəsidir. Əgər oyunları qazanmasaydıq, yaxşı oynamasaydıq və titulları birlikdə qaldırmasaydıq, bu mükafatı ala bilməzdim.”
Fransalı futbolçu həmçinin komanda yoldaşlarına, Luis Enrikenin məşqçi heyətinə, mövsümün meneceri seçilən idman məsləhətçisi Luis Kamposa və klub prezidenti Nasser əl-Xələifiyə təşəkkürünü çatdırıb.
Duem- Lionel Messi, Serxio Aquero, Erling Haaland və Kilian Mbappe kimi ulduzların aldığı “Golden Boy” mükafatının qalibləri siyahısına düşməyin onun üçün böyük şərəf olduğunu söyləyib. O, həmçinin açıqlayıb ki, Aşraf Hakimi PSJ soyunma otağında ona artıq “Mr. Golden Boy” deyə müraciət edir:
“Hər şey Hakiminin günahıdır, indi hamı məni belə çağırır!”
Mükafatlandırma mərasimində Due ailəsinə və kimliyi açıqlanmayan bir şəxsə də emosional təşəkkürünü bildirib:
“Burada olmaq mənim üçün şərəfdir, çox xoşbəxtəm. Bu mükafat mənim üçün çox şey ifadə edir və onu hər zaman yanımda olan ailəmə həsr edirəm. Adətən ictimaiyyət qarşısında danışanda həyəcanlanmıram, amma ailəmdən danışanda olur.”
Gənc ulduz həmçinin gələcək hədəflərindən danışıb:
“Xəyal qurmaq ilk addımdır, çünki xəyal ambisiyanı yaradır, ambisiya isə ağır çalışmağa gətirib çıxarır. Artıq Çempionlar Liqasını və PSJ ilə bir neçə titul qazanmışam, amma qarşıda həm kollektiv, həm də fərdi olaraq qazanılacaq çox şey var. Mənim üçün ən önəmlisi zəhmət və intizamdır.”
Due çıxışını gənc futbolçular üçün sadə, amma önəmli məsləhətlə yekunlaşdırıb:
“Valideynlərinizi dinləyin, məktəbdə yaxşı oxuyun və məqsədlərinizə çatmağı xəyal edin.”