Enrike “Real”la oyundan öncə: “Mən “Barselona” üzvüyəm”
“PSJ”nin baş məşqçisi Luis Enrike: “Real Madrid”lə qarşılaşma xüsusi motivasiyadır”.
90plus.az xəbər verir ki, “Pari Sen-Jermen”in (PSJ) baş məşqçisi Luis Enrike Klubların Dünya Çempionatının yarımfinalında “Real Madrid”ə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. İspan mütəxəssis qarşıdakı matçın həm turnir baxımından, həm də şəxsi motivasiya baxımından fərqli məna daşıdığını bildirib.
“Bu “Real Madrid”i sındırmaq asan deyil. Xabi Alonso çox yaxşı komanda qurur. Taktiki baxımdan yeni üslubları var, amma fərdi keyfiyyətləri də ortadadır. Bu oyunun özü bizim turnirdə nə qədər irəlilədiyimizi göstərir. Möhtəşəm qarşılaşma olacaq və hamımız motivasiyalıyıq. Əşrəf Hakimi indiyə qədər çalışdığım ən yaxşı cinah müdafiəçilərindən biridir, Nunu Mendeş isə sol cinahda dünya səviyyəsində oynayır”, — deyə Enrike qeyd edib.
Enrike eyni zamanda “Bayern Münhen”in yarımmüdafiəçisi Camal Musialanın zədələnməsi ilə bağlı da danışıb.
Xatırlatma: PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatan 1/4 finalda Musiala Canluici Donnarumma ilə toqquşmadan sonra ciddi zədə alaraq fibula sınığı və bağlarda zədələnmə ilə üzləşib. Həkimlər alman futbolçunun 4-5 ay yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.
“Burada heç bir qəsdən hərəkət yoxdur. Gigi hamıdan daha çox kədərlənib. Onsuz da Musialaya artıq başsağlığı verib və tezliklə sağalmasını arzulayırıq. Futbolda belə zədələr qaçılmazdır”, — deyə PSJ çalışdırıcısı bildirib.
Luis Enrike “Real Madrid”lə matçın onun üçün şəxsi əhəmiyyətini də vurğulayıb: “Mən “Barselona” üzvüyəm. Bir Kule olaraq “Real Madrid”ə qarşı oynamaq həmişə xüsusi motivasiyadır. Üstəlik, bu turnirdə dünya çempionu olmaq imkanı dörd ildən bir qazanılır. Bütün komanda tarix yazmaq istəyir. Hədəfimiz finala çıxmaqdır.”
Klubların Dünya Çempionatının yarımfinal qarşılaşması iyulun 9-u Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.