İker Kasilyas Mourinyonun “Real”a qayıdışını istəmir
“Real Madrid”ın əfsanəsi İker Kasilyas Joze Mourinyonun kluba mümkün qayıdışını istəmədiyini açıq etiraf edib.
90plus.az xəbər verir ki, keçmiş qapıçı sosial şəbəkə hesabında paylaşım edərək portuqaliyalı mütəxəssisin yenidən “kral klubu”na rəhbərlik etməsinin tərəfdarı olmadığını bildirib.
Kasilyas yazıb:
“Mourinyo ilə heç bir problemim yoxdur. O, mənə görə böyük peşəkardır.
Amma onu “Real Madrid”də görmək istəmirəm. Düşünürəm ki, həyatımın klubu üçün başqa məşqçilər daha uyğun olar. Bu, sadəcə şəxsi fikrimdir.”
63 yaşlı Mourinyonun “Real Madrid”ə ikinci dəfə baş məşqçi kimi qayıtmağa yaxın olduğu iddia edilir. Klub prezidenti Florentino Peres isə mövsümün uğursuz keçməsi ilə bağlı təşkil etdiyi mətbuat konfransında yeni təyinatı rəsmən açıqlamayıb.
Məlumata görə, Peres komandanın son illərdəki uğursuz nəticələrindən sonra dəyişiklik etmək niyyətindədir. “Barselona”nın daxili arenadakı üstünlüyü, Kilian Mbappenin narazılığı və Federiko Valverde ilə Orelyen Çuameni arasında yaşanan gərginlik klub daxilində vəziyyəti daha da çətinləşdirib.
Xatırlatma: Mourinyo 2010-2013-cü illərdə “Real Madrid”i çalışdırıb. O, həmin dövrdə komanda ilə La Liqa və İspaniya Kubokunu qazanıb. Hazırda isə portuqaliyalı mütəxəssis “Benfika”da işləyir.
© Copyright 2026, All Rights Reserved