“İstənilən rəqiblə matçda yaxşı nəticə əldə etmək olar” Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Xorvatiyada “Osiyek”lə heç-heçə haqda danışıb.
90plus.az xəbər verir ki, mütəxəssis 1-ci hissədə üstün olduqlarını söyləyib:
“Birinci hissədə daha çox taktiki savaşın şahidi olduq. Rəqib əsasən standart vəziyyətlər zamanı təhlükəli olurdu. Birinci hissədə fərqlənmək üçün bir neçə şansımız var idi. Sonra müdafiədən çıxarkən top itkisinə yol verdik, rəqib dərhal bundan istifadə etdi və hesabda önə keçdi”.
2-ci hissə barədə: "Meydanda üstün tərəf biz idik. Çalışırdıq ki, nəticəni dəyişək, hesabı bərabərləşdirək. Müəyyən məqamlarda dəqiqlik çatmırdı. Rəqibin səviyyəsini, bacarığını nəzərə alsaq, bu, heç də asan deyildi. Bu gün 0:1 hesabı ilə məğlub olsaydıq belə, düşünürəm ki, hər şey ikinci matçda həll olunacaqdı. Cavab oyununda hər iki komanda sıfırdan başlamalıdır. Bir həftə sonra bizi çox maraqlı oyun gözləyir”.
“Osiyek” barədə: “Çox yaxşı seleksiya işi aparılıb. Gənc, istedadlı, savadlı məşqçiləri var. Onun səviyyəsini bugünkü oyunda hiss edirdik. Nə gözləyirdiksə, onu da meydanda gördük. Futbolçularıma təşəkkür etmək istəyirm. Bu rəqibə qarşı səfər oyununda qarşılıq verdilər. İndi bizi məsuliyyətli cavab oyunu gözləyir”.
İkinci oyundan gözləntilər: “İndi daha çox çempionatda “Sabah”la oyunu düşünəcəyik. Bizi qarşıda derbi matçı gözləyir. Fikrimizi həmin matça yönəldəcəyik. Daha sonra isə “Osiyek”lə görüşə hazırlaşacağıq. Cavab matçında daha istəkli, daha güclü “Osiyek” gözləyirəm. Biz də rəqibə eyni qarşılıq vermək istəyirik. Ona görə də düşünürəm ki, azarkeşlər üçün çox maraqlı oyun olacaq”.
"Azərbaycan futbol cameəsində belə fikir formalaşıb ki, maraqlı oyun gedirsə, hər hansı klubumuz yaxşı nəticə qazanırsa, deməli, bu rəqibə qarşı oynamaq olar. Ümumən müasir futbolda hər rəqibə qarşı oynamaq. Hər şey uğurlu alınsa, TOP ölkələrin favorit komandalarını çıxmaq şərti ilə istənilən rəqiblə matçda yaxşı nəticə əldə etmək olar. Bu gün üçün vacib olan odur ki, ikinci hissədə oyunu bərabərləşdirdik, futbolçular istəkli idilər ki, uduzmayaq. Düşünürəm ki, “Osiyek” çox yaxşı futbolçulardan formalaşmış komandadır. Bu cür rəqiblə başabaş, bəzən üstün oynayan futbolçularıma təşəkkür etmək istəyirəm”.
Qeyd: "Zirə - Osiyek" avab oyunu avqustun 15-də Bakıda olacaq.