Klubların dünya çempionatına üsyan edənlər… ARAŞDIRMA
“Mən əlimdən gələni edəcəm ki, bu turnir bir daha keçirilməsin” — Klubların Dünya Çempionatını kimlər və niyə tənqid edir???
Araşdırmamızı təqdim edirik...
90plus.az xəbər verir ki, Klopp, Tebas və hətta alimlər bu turnirə qarşıdır.
Klubların Dünya Çempionatı son illərin ən mübahisəli turnirlərindən biridir. Bir tərəfdən, turnir inqilabi qərarları, futbola yeni baxış və məzmun yanaşması ilə diqqət çəkir, həmçinin Avropa klubları ilə yanaşı Yeni Zelandiyadan yarı-peşəkar oyunçularına da özünü göstərmək imkanı verir.
Digər tərəfdən, turnir artıq bir çox tənqidçi “qazanıb”. Onlar demək olar ki, hər şeyi tənqid edirlər: məkan, hava şəraiti, oyun cədvəli, futbolçuların vəziyyəti və yeni mövsümə hazırlıqların pozulması.
Yurgen Klopp – davamlı və ən sərt tənqidçi: “Ötən il Amerika Kuboku və Avropa çempionatı var idi. Bu il Klubların Dünya Çempionatı keçirilir, gələn il isə Dünya Çempionatı olacaq. Bu o deməkdir ki, futbolçular nə fiziki, nə də mental olaraq bərpa oluna biləcəklər.
Bəli, hamısı yaxşı maaş alır. Amma gəlin bunu bir anlıq unudaq. NBA oyunçuları da böyük pullar qazanır, amma ildə dörd ay istirahət edirlər. Vircil van Deyk karyerası boyunca belə istirahət almayıb.
Mən qorxuram ki, gələn mövsüm futbolçular görünməmiş dərəcədə çox zədələnəcək. Əgər gələn mövsüm yoxdursa, Dünya Çempionatında, ya da ondan sonra. Biz oyunçulardan hər matça son oyunları kimi yanaşmağı gözləyirik. Bunu ildə 70-75 dəfə deyirik. Amma belə davam edə bilməz.
“Çöldəki insanlar deyir: ‘Mən həftədə yeddi gün, gündə səkkiz saat işləyirəm.’ Bu tamamilə doğrudur. Amma onlar qaçmır, sprint atmır, toqquşmur. Müqayisə etmək mümkün deyil. Bu tamamilə fərqli intensivlikdir və insan bədənini çox yükləyir.”
Klopp harada danışırsa, Pep Qvardiola adətən cavab verir. Bu dəfə də Qvardiola Kloppun sözlərinə belə reaksiya verib:
“Mən dəfələrlə Yurgenlə mübahisə etmişəm. Onun dediklərinin haradan gəldiyini bilirəm. Ona hörmət edirəm və arqumentlərini dəstəkləməyə hazıram. Amma biz məşqçiyik, turnirləri biz təşkil etmirik.”
La Liqa rəhbəri turniri ləğv etmək istəyir
La Liqa prezidenti Xavyer Tebas isə daha sərt mövqe sərgiləyib:
“Əlimdən gələni edəcəm ki, bu turnir bir daha keçirilməsin.”
Halbuki o özü də bəzi La Liqa oyunlarını ABŞ-da keçirmək istəyir. Tebas davam edir:
“Klubların Dünya Çempionatı qaydalara zidd keçirilir, maraqlı tərəflərlə razılaşdırılmadan təşkil olunur. Futbolçular bu turnirə artıq fiziki baxımdan tükənmiş vəziyyətdə gəlirlər. Avropada 60 min peşəkar oyunçu var və bu turnir qalan futbol ekosistemini pozur.
Əgər ‘Real Madrid’ və ya ‘Atletiko’ turnirdə irəliləsə, oyunları təxirə salmalı olacağıq. Üstəlik, əgər yarımfinala qədər gedib çıxsalar, 100 milyon avroya yaxın mükafat qazanacaqlar ki, bu da digər klublara çatmayacaq. Bütün bunlar rəqabəti pozur. Qərarlar milli liqalara təsirini nəzərə almadan verilə bilməz.”
Tebas həmçinin klubların ikiüzlülüyünü vurğulayıb:
“Bir tərəfdən daha çox istirahət tələb edirlər, amma 140 milyon avro qazanırlar — bu ‘Alaves’in iki illik büdcəsidir. Bunu unuduruq.”
Avropalılar meydançalardan narazıdır — Luis Enrike deyir, "top dovşan kimidir".
Fransalı Arsen Venger (indiki FIFA məmuru) ABŞ-dakı meydançaların keyfiyyətindən şikayətlənib:
“Mən şəxsən Orlandoda meydançada oldum. Bu, Avropa klublarının alışdığı səviyyə deyil, çünki ideal deyil. Amma gələn ilki Dünya Çempionatına qədər düzəldiləcək.”
Cud Bellingem isə daha açıq danışıb:
“Meydançanın keyfiyyəti zəifdir. Dizliklərə çox yük düşür. Top dayanmır, tullanması da pisdir. Ümid edirəm ki, gələn il buna ciddi yanaşacaqlar.”
Luis Enrike də meydançadan narazıdır: “İstədiyimiz səviyyədə oynaya bilmirik. Düşünün ki, NBA zalında döşəmədə deşiklər var — təsəvvür etmək mümkün deyil. Biz isə stadionlarda oynayırıq ki, top top yox, dovşan kimi hərəkət edir.
Futbolçular və məşqçilər istidən şikayətlənir — alimlər belə şərtlərdə oyunu təhlükəli sayır.
“Çelsi”nin baş məşqçisi Enzo Mareska daha çox matçların hava səbəbi ilə tez-tez dayandırılmasından narahatdır və ABŞ-ın belə turnirlər üçün ən doğru yer olmadığını deyir:
“Şəxsən məncə bu, futbol deyil. Yeddinci, səkkizinci, doqquzuncu oyun dayandırılıb. Bu, zarafatdır. Dürüst desəm, bu futbol deyil, buna ehtiyacımız yoxdur.
Bu indiyədək görünməmiş bir şeydir, amma başa düşmək çətindir. Təhlükəsizlik üçün oyunun dayandırılmasını başa düşürəm, amma 7-8 matç dayandırılırsa, deməli bəlkə də bu yer bu turnir üçün uyğun deyil.”
“Barselona” turnirdə oynamasa da, tənqid edir
Braziliyalı Rafinya futbolçuların istirahətə ehtiyacı olduğunu deyib:
“Hesab edirəm ki, indi biz istirahətdə olmalıydıq, düzdür? Avropa klubu oyunçusu olaraq deyirəm ki, tətili buraxmaq çətindir. Ən azı üç həftə və ya bir ay dincəlmək haqqımızdır. Klubların Dünya Çempionatında oynayan bir çox futbolçu bunu ala bilməyəcək. Kimsə oyunçulara bu təqvimi qəbul edib-etmədiklərini soruşmadı.”
O həmçinin PSJ-dəki braziliyalı komanda yoldaşlarını da xatırladıb:
“Mən istirahətdəyəm, onlar da olmalıydı. Onlar Çempionlar Liqasını qazandılar, amma bayram etməyə belə vaxt tapmadılar. Millidə oynayıb dərhal Dünya Çempionatına getdilər. Heç bir fasilə olmadı.”
Dani Olmo da oxşar fikirdədir: “Ümid edirəm bu onlara pis təsir etməz, çünki heç kimə pislik arzulamıram. Turniri çox izləmədim, oyunlar gecə keçirilirdi, amma şərtlər ağır idi. Onların istirahət vaxtı az olacaq. Biz isə şadıq ki, tam yay hazırlığımız var və tam bərpa olunuruq.”