Levandovskinin zədəli-zədəli milliyə can qoyması klubunu şoka salıb
“Barselona”da ciddi narahatlıq yaranıb — komandanın təcrübəli hücumçusu Robert Levandovski Polşa millisinin Litva ilə oyununda (2:0) zədəsini daha da ağırlaşdırıb.
90plus.az xəbər verir ki, 37 yaşlı forvard görüşün əvvəlində sol bud əzələsində ağrı hiss etməsinə baxmayaraq, oyunu 90 dəqiqə boyunca sarğı ilə davam etdirib. Levandovski həmin matçda Polşa millisinin ikinci qolunu vuraraq yığmadakı 160-cı oyununda 87-ci qoluna imza atıb.
“Barselona” rəsmiləri hadisədən sonra şoka düşüb. Klubun açıqlamasına əsasən, hücumçunun bərpa prosesi 3–4 həftə çəkəcək. Lakin futbolçuya yaxın mənbələr bu müddətin 6 həftəyə qədər uzana biləcəyini bildirir.
Levandovskinin mövsüm ərzində eyni nahiyədən aldığı zədənin təkrarlanması Kataloniya klubunda ciddi narahatlıq yaradıb. Hansi Flikin rəhbərliyi altında o, artıq ehtiyat oyunçular skamyasında daha çox vaxt keçirirdi və eyni zədə səbəbindən “Joan Gamper” kubokunu və La Liqanın ilk oyunlarını buraxmışdı.
Oktyabrın 26-da “Real Madrid”lə keçiriləcək El Klasiko öncəsi “Barselona”da vəziyyət çətinləşib — komandada Dani Olmo, Qavi və Xoan Qarsiya da zədə səbəbindən oynamır. Klub, bu qədər itki fonunda Levandovskinin təcrübəsinə güvənirdi.
Lakin ulduz futbolçunun riskə baxmayaraq milli komanda üçün tam oyuna köklənməsi “Barselona” rəhbərliyində çaşqınlıq yaradıb.
Hazırda “Barselona” Levandovskinin tezliklə sağalacağına ümid edir, çünki bu zədə komandanın sıx oyun təqvimi fonunda böyük zərbə kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved