Leo Messidən vida siqnalı: "Son ev oyunum ola bilər"
Dünya futbolunun yaşayan əfsanələrindən biri olan Lionel Messi milli komanda ilə vidalaşacağının siqnalını verib.
90plus.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu Argentina - Venesuela oyunu öncəsi verdiyi açıqlamada duyğulu anlar yaşadığını bildirib.
Messi bu qarşılaşmanın Argentina millisindəki karyerasının son ev oyunu ola biləcəyini söyləyib:
“Bu oyun mənim üçün çox xüsusi olacaq. Ona görə də bütün ailəm yanımda olacaq – həyat yoldaşım, övladlarım, anam, atam və bacı-qardaşlarım. Bu günü birlikdə keçirəcəyik. Bundan sonrası necə olacaq, bilmirəm. Venesuela ilə oyundan sonra hazırlıq görüşləri və ya başqa qarşılaşmalar olacaqmı, görəcəyik.”
Bu sözləri ilə Lionel Messi milli komandadan yaxın zamanda ayrılacağını ilk dəfə açıq şəkildə dilə gətirib.
Messinin mümkün vida oyunu ilə bağlı suallara cavab verən Argentina millisinin baş məşqçisi Lionel Skaloni də duyğularına hakim ola bilməyib. O, göz yaşları içində bu sözləri deyib:
“Sabah çox xüsusi və duyğulu bir oyun olacaq. Messinin hələ də aramızda olması böyük xoşbəxtlikdir. Ümid edirəm ki, həm azarkeşlər, həm də özü bu qarşılaşmadan zövq alacaq.”
Qeyd: Argentina–Venesuela oyunu bu gecə, Bakı vaxtı ilə saat 04:30-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved