Macarıstan - Reytinq yarışı, Azərbaycan güləşçilərinin çıxışı! İCMAL
Macarıstanda keçirilən reytinq turnirində yunan-Roma güləşçilərimiz 4 medalla çıxışlarını tamamladılar.
90plus.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan yunan-Roma güləşi üzrə reytinq turniri artıq başa çatıb. Yarışın son günündə təmsilçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurub, ümumilikdə isə turniri 4 medalla tamamlayıblar.
60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli möhtəşəm performansla qızıl medala sahib çıxıb. O, ardıcıl olaraq koreyalı Seunqhak Kim (9:0), özbəkistanlı Mehrac Bəhramov (4:0) və serbiyalı Georgi Tibilov (3:2) üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici qarşılaşmada hindistanlı Sumit Sumitə 5:1 hesabıyla qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu çəkidəki digər güləşçimiz İlkin Qurbanov isə 1/8 finalda qazaxıstanlı Qalim Kabdunassarova 1:9 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırıb.
97 kq çəki dərəcəsində mübarizə aparan Murad Əhmədiyev də yarışda fərqlənənlərdən olub. O, türkiyəli Abdulkadir Çebi (3:1), serbiyalı Uros Krstin (9:0) və gürcüstanlı Giorgi Katsanaşvili (8:0) üzərində inamlı qələbələrlə yarımfinala yüksəlib. Lakin yarımfinalda digər gürcü rəqib – Giorgi Melia ilə görüşdə 1:5 hesablı məğlubiyyət alıb. Bürünc medal uğrunda görüşdə isə rusiyalı İliya Yermolenkonu 8:4 hesabı ilə məğlub edərək podiuma yüksəlib.
Bu çəkidəki digər təmsilçimiz Arif Niftullayev də yaxşı başlanğıc etsə də, mükafatçılar sırasına düşə bilməyib. Hindistanlı Niteş Niteş (9:0) və qazaxıstanlı Yussuf Matsiyev (2:2, sonuncu xal) üzərində qələbələrdən sonra 1/4 finalda Giorgi Melia ilə qarşılaşmada “tuş”la uduzub, təsəlliverici mərhələdə isə Yermolenkoya (3:3, sonuncu xal) məğlub olub.
77 kq çəkidə Sənan Süleymanov və Ülvü Qənizadə 1/4 finala qədər irəliləyiblər. Qənizadə bu mərhələdə xalçaya çıxmayıb və Süleymanov yarımfinala vəsiqə qazanıb. Lakin o, Sergey Kutuzovla (6:8) görüşdə və bürünc medal qarşılaşmasında macarıstanlı Levente Leva ilə (2:3) döyüşdə minimal fərqlə məğlub olub.
Digər nəticələr:
Qeyd: Turnirin əvvəlki günündə Ruslan Nurullayev (72 kq) və İslam Abbasov (87 kq) da bürünc medal əldə etmişdi. Beləliklə, yunan-Roma güləşi üzrə yığmamız ili 1 qızıl və 3 bürünc medalla başa vurub.