Mərakeş Dünya Çempionatına vəsiqə qazandı
2026-cı il FIFA Dünya Çempionatının Afrika zonası seçmə mərhələsinin E qrupunda Mərakeş millisi Niger üzərində inamlı qələbə qazanıb.
90plus.az xəbər verir ki, Rabat şəhərində yerləşən Şahzadə Mulay Abdellah stadionunun açılış oyununda meydan sahibləri rəqiblərini 5:0 hesabı ilə məğlub ediblər.
Gərgin başlayan oyunun 26-cı dəqiqəsində Niger millisinin oyunçusu Abdoul-Latif Goumey birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Say üstünlüyündən dərhal istifadə edən Mərakeş 29 və 38-ci dəqiqələrdə İsmayıl Saybari ilə ardıcıl iki qol vuraraq fasiləyə 2:0 üstün yollanıb.
İkinci hissədə də hücumlarını davam etdirən meydan sahibləri 51-ci dəqiqədə Ayub El Kaabi, 69-cu dəqiqədə isə Hamza İqamanenin başla vurduğu qolla hesabı 4:0-a çatdırıblar. 84-cü dəqiqədə Əzzəddin Unahi fərqlənərək görüşün yekun nəticəsini müəyyənləşdirib – 5:0.
Bu nəticə ilə E qrupunda keçirdiyi 6 oyunun hamısını qalib başa vuran Mərakeş xallarını 18-ə yüksəldib və 2026-cı il Dünya Çempionatına vəsiqəni təmin edib. Bir oyunu əskik olan Niger isə 6 xalla qrupda 4-cü pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved