Rəşad Sadıqov: “Nəticə üstünlük verir, amma rahatlıq verə bilməz”
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" komandasına böyük hesabla qalib gəldikləri matçı (4:0) şərh edib.
90plus.az xəbər verir ki, Sadıqov əsas fikri cavab matçına yönəldib:
"İlk oyundan sonra danışmaq həmişə çətindir. Qarşıda bizi çox vacib səfər matçı gözləyir. Mərhələni keçmək istəyiriksə, bu gündən həmin oyuna hazırlaşmalıyıq. Birinci hissə bitdi. Bir həftəlik fasilə olacaq. İkinci hissəyə çox yaxşı hazırlaşmalıyıq. Qarşıda bizi daim komandasını yaxşı dəstəkləyən azarkeş toplumuna qarşı səfər oyunu gözləyir. Rəqib sona qədər amansız mübarizə aparacaq. Mərhələni keçmək istəyiriksə, futbol camiəsi, komanda olaraq oyuna hazırlaşmalıyıq. Cütün taleyi səfərdə həll olunacaq. Müasir futbolda nəticə üstünlük verir sənə. Amma rahatlıq verə bilməz. 60-cı dəqiqədən sonra rəqibin göstərdiyi amansız mübarizə və çətin anlar onu göstərdi ki, bizi cavab matçında nələr gözləyir".
Pyer Zebli əvəzlənəndə narazılıq etməsi barədə: "Ayağını tutmuşdu. 2-3 dəqiqə gözlədi. Dedi ki, yaxşıyam. Amma tempi aşağı düşdü. Rəqib də o dəqiqələrdə təzyiq edirdi. Əvəzlənəndə dedi ki, özümü yaxşı hiss edirdim. Dedim ki, sonra danışarıq, buranın söhbəti deyil".
Qeyd: "DAK - Zirə" cavab oyunu avqustun 1-i saat 22:30-da Slovakiyada baş tutacaq.
© Copyright 2026, All Rights Reserved