Rəşad Sadıqov: “Oyundan öncə danışmaq çətindir”
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov sabah Bakıda "Osiyek"lə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündən öncə düşüncələrini söyləyib.
90plus.az xəbər verir ki, "Qartallar"ın çalışdırıcısı Sadıqov sözünə "Qarabağ"ı vacib qələbə münasibətilə təbrik etməklə başlayıb:
"Qarabağ"ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Sabahkı matçlarda "Sabah"a və özümüzə uğurlar arzulayıram. Allah qoysa, hər iki komanda mərhələni keçər. İlk dəfə üç klubumuz pley-off-da oynayır. Oyundan öncə danışmaq çətindir. Hamı bilir ki, önəmli matça çıxacağıq. Hamımız oyunun əhəmiyyətini yaxşı dərk edirik. Gərgin qarşılaşma olacaq. Hər iki komanda üstünlük əldə edib, mərhələni keçməyə çalışacaq. İki komandanın da yetərincə usta, ambisiyalı futbolçuları var ki, nəticə üçün çalışacaqlar. Necə olacaq, onu zaman göstərəcək. Məni məyus edən tərəf meydanın yaxşı durumda olmamasıdır. Bunu əvvəlki oyunlarda da öz üzərimizdə hiss etmişdik. Mətbuat konfransından əvvəl meydana baxdım. Bir az da pisləşib. Hər iki komandanın futbolçuları üçün texnikalı oyuna mane ola bilər. Şərtlər iki komanda üçün də eynidir. Hər şeyi edəcəyik ki, nəticə bizim üçün yaxşı olsun".
"Qarabağ"ın oyununa kollektiv izləmək barədə: "Əgər toplanışdayıqsa, hamımız birlikdə baxırıq. Deyilsə, hərə sərbəstdir. Dünən bizdə istirahət günü idi. Motivasiya o ola bilər ki, Azərbaycan çempionu Bolqarıstan çempionu "Ludoqorets" kimi güclü rəqib üzərində möhtəşəm qələbə qazanırsa, bizim oyunçulara da motivasiya verə bilər. Çempionatımızın klubu bu cür rəqibi üstələyir. Xırda detallar da əlavə motivasiya ola bilər".
"Çempionatda və avrokuboklarda yaxşı çıxış edn "Zirə"nin bu mövsüm hədəfi:
"Mövsüm hələ yeni başlayıb. Hədəflərdən danışmaq erkəndir. Klub olaraq qarşımıza ən azından bir mərhələ keçmək hədəfi qoymuşduq. Amma hazırda o haqda düşünmürük. Çalışırıq ki, qarşıdakı oyunu düşünək. Başa düşürük ki, sabahkı oyun bizim üçün çox önəmlidir. Klub rəhbərliyi, futbolçular və məşqçilər üçün də önəmlidir. Qarşımızda çox təcrübəli komanda var. "Dinamo"ya qarşı da yaxşı oyun keçirdilər. Son anda qol buraxıb, məğlub oldular. Çempionatda da klub rəhbərliyi qarşımıza xüsusi tapşırıq qoymur. Həmişə tələb edir ki, komanda inkişaf etsin, əzmkar kollektiv olsun. Bu gün də qarşımızda xüsusi məqsəd yoxdur. Amma yeni mövsümdə də avrokuboklarda çıxış etmək istəyirik".
Qeyd: "Zirə - Osiyek" görüşü sabah saat 20:30-da CBC Sportda yayımlanacaq. İlk oyunda 1:1-lik bərabərlik var.