Samir Abasov cavab matçından ümidli danışdı
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstanın "Fehervar" komandasına minimal fərqlə uduzduqları matçı (1:2) şərh edib.
90plus.az xəbər verir ki, Abasov komandasının azlıqda qalmasının planları pozduğunu deyib:
"Qırmızı vərəqə bütün planları alt-üst etdi. Qol vurduq, yaxşı oynamağa başlamışdıq ki, istəmədiyimiz vəziyyət oldu. Dünən də demişdim ki, hər bir halda, matç iki oyundan ibarətdir. Qələbə qazansaydıq da, bunu deyəcəkdim. Cavab görüşü bundan da çətin olacaq. Üstünlük rəqibdədir, bizdə isə daha çox problemlər var. Amma bəzi yaxşı epizodların üzərində dayanıb futbolçuları oyuna kökləməyə çalışacağıq".
Rəqib haqqında: "Tam fərqli bir “Fehervar” gördük. Köhnə baş məşqçinin komandası ilə indiki "Fehervar" ayrı idi. Əfsuslar olsun ki, qoldan sonra 10 nəfərlə qalmağımız çətin oldu… Ən azından biz səfər oyununa çəkinmədən gedəcəyik. Macarıstandan qalib dönmək niyyətində olacağıq. Buna səbəb mənim komandamın oyunudur. Bəzi epizodlarda yaxşı oynadıq. 10 nəfər qalmağımıza, qırmızı vərəqə almağımıza köklənməyəcəyik. Pis tərəflərdən də nəticə çıxaracağıq və Macarıstana qələbə üçün gedəcəyik".
Oyunöncəsi “Fehervar” “Qarabağ” istisna olmaqla digər klublarımızdan bir baş üstündür" fikri barədə: "Dünən dedim ki, biz baxdığımız, ötən çempionatda izlədiyimiz “Fehervar” üstündür. Yeni baş məşqçini yalnız yoxlama oyunlarında görmüşdük. Yoxlama oyunlarında komandanı tutmaq olmur. Bir baş məşqçi olaraq öz komandanın oyunu belə yoxlama oyununda aldadıcı olur. Ya sən yaxşı olursan, ya rəqib zəif görünür. Mən danışdığım ötən mövsümün “Fehervar”ı idi. Həddindən artıq qeyri-adi intizamla oynayan komanda idi. Bütün futbolçular nə edəcəklərini bilirdilər. Biz bu cür komandalara qarşı nə qədər əziyyət çəkmişik, görmüşük. Bugünkü “Fehervar”dan nələrsə desəm, düz olmaz. Çünki uduzmuş komandayıq. Amma gördük ki, bu rəqibə qarşı oynaya bilərik. Ümidimiz mərhələ keçməkdir".
Qırmızı vərəqə olmasaydı: "Bizim komandamız budur. Qırmızı vərəqə olmasaydı, yenə bu heyət oynayacaqdı. Çünki bizdə başqa futbolçular yoxdu. Heyətlə bağlı çətinliklərimiz var. İstənilən halda 11 nəfərlə uduzsaydıq belə, yenə də səhvlərimizdən nəticə çıxarıb, səfərdə qələbəyə köklənəcəkdik. Bunu nə qədər bacaracağıq bilmirəm, amma mənim işim komandanı qələbəyə kökləməkdir. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik".
Bu nəticədən sonra şanslar: "Rəqibin üstünlüyü 70 faizdir. Biz o 30 faizlik şansımızdan bərk yapışacağıq".
Qeyd: "Sumqayıt - Fehervar" cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.