“Əsas hədəfimiz “Qarabağ”la başa-baş mübarizə aparmaqdır” Renduliç
"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç sabah Bakıda İrlandiyanın "Sent Patriks Atletiks" klubu ilə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündən öncə düşüncələrini söyləyib.
90plus.az xəbər verir ki, xorvat mütəxəssis sözə ümidli başlayıb:
"Bizi İrlandiya klubu ilə çox ağır oyun gözləyir. Sabah keçiriləcək oyunda qalib gəlmək üçün şansımız var. Çalışacağıq ki, əlimizə düşən fürsətlərdən maksimum istifadə edək".
Qələbənin çətinliyi və önəmi: “İrlandiyadakı ilk qarşılaşmamızda istədiyimiz kimi oyun nümayiş etdirə bilmədik. Doğrudur, müdafiədə müəyyən çətinliklərimiz var. Bəzi oyunçularımız zədəlidir. Amma hazırlıqlarımız davam edir. Təbii ki, məqsədimiz qruplara qalmaqdır. Əgər bunu bacarsaq, “Sabah” üçün möhtəşəm tarixi uğura imza atmış olarıq”.
Azərbaycan çempionatında uğursuz başlanğıc barədə: “Təbii ki, bütün komandalar qalib gəlmək üçün meydana çıxır. “Şamaxı” ilə oyunda 3 xalı biz almaq istəyirdik, amma alınmadı, məğlub olduq. Premyer Liqada əsas hədəfimiz “Qarabağ”la başa-baş mübarizə aparmaqdır. Bu tempdə davam etsək, hər kollektivlə bacara bilərik”.
Qeyd: "Sabah - St Patriks Atletiks" görüşü sabah saat 20:00-da İctimai TV-dən yayımlanacaq. İlk oyunda İrlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi var.
© Copyright 2026, All Rights Reserved