Yaponiya tarixdə ilk dəfə Braziliyanı uddu
Yaponiya tarix yazdı – Braziliyanı məğlub etdi! 🇯🇵
90plus.az xəbər verir ki, Yaponiya millisi Tokio şəhərində keçirilən yoldaşlıq görüşündə Braziliya üzərində tarixi qələbə qazanıb. Asiya təmsilçisi ikinci hissədə inanılmaz dönüş edərək “sambaçılar”ı 3:2 hesabı ilə məğlub edib.
Karlo Ançelottinin komandası oyuna üstün başladı. 26-cı dəqiqədə “Nyukasl” yarımmüdafiəçisi Bruno Gimaraeşin ötürməsindən sonra Paulo Enrike fərqləndi. Cəmi altı dəqiqə sonra isə “Arsenal” hücumçusu Qabriel Martinelli “Vest Hem”in futbolçusu Lukas Paketanın pasından sonra hesabı 2:0-a çatdırdı.
Lakin fasilədən sonra yaponlar əsl sensasiyaya imza atdılar. 60-cı dəqiqədən sonra “Liverpul”un sabiq hücumçusu Takumi Minamino və Keyto Nakamura ardıcıl qollarla hesabı bərabərləşdirdilər. 71-ci dəqiqədə isə Ayase Ueda baş zərbəsi ilə Yaponiyaya tarixi qələbəni qazandırdı – 3:2!
Matçdan sonra Braziliya kapitanı Kazemiro komandasının ikinci hissədə oyundan düşdüyünü etiraf edib:
“Bu səviyyədə bir hissəni belə yuxuda keçirmək olmaz. Belə səhvlər sizə dünya çempionatına başa gələ bilər.”
Braziliya yığması bir neçə gün əvvəl Cənubi Koreyanı 5:0 hesabı ilə məğlub etmişdi, lakin bu dəfə üstünlüyünü qoruya bilmədi.
Yaponiya millisinin baş məşqçisi Hacime Moriyasısu isə qələbəni belə şərh edib:
“Bu nəticə bizə inam qazandırdı, amma bundan sonra daha güclü rəqiblər bizə ciddi yanaşacaq.”
Həm Yaponiya, həm də Braziliya artıq 2026-cı ildə Kanada, Meksika və ABŞ-da keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
© Copyright 2026, All Rights Reserved