Şahin Diniyev: "Komandanın göstərdiyi samballı oyun idi"
"Çətin oyun idi. "Qəbələ" ilə görüşü də saysaq, hamısı finala bərabərdir. Maksimum konsentrasiya olub, xallar qazanmaq niyyətindəyik. Premyer Liqadan düşmək istəmirik. Ona görə də, komanda bu gün vuruşdu". 90plus.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 33-cü turunda "Sumqayıt"la bugünkü görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, səfərdə qazandıqları 3:1 hesablı qələbəni belə şərh edib: "Qələbədən də başqa, komandanın göstərdiyi samballı oyun idi. Düşünülmüş, dominant oyun oynadıq. Buraxdığımız qol bizi "sındırdı". Amma xarakter göstərdik. Komanda sürəti azaltmadı, təzyiqi daha da çoxaltdı. Bunun da nəticəsi kimi qələbə qazandıq. Uşaqları təbrik edirəm. Ən yaxşı oyunlarımızdan birini oynaya bildik. "Sumqayıt"a da təşəkkür edirəm, yaxşı oyun alındı. Premyer Liqaya layiq oyun idi, qarşılıqlı hücumlar şəraitində keçdi. Oyun keyfiyyəti var idi. Fikirləşirdik ki, ilk yarıda mübarizə aparaq. İkinci yarıda isə sürətli, texnikalı futbolçuları meydana buraxaraq oyunun taleyini həll edək. Əvəzetmələr özünü doğrultdu. Ondan qabaq qolumuzu vurmuşduq. Amma əvəzetmələr oyunun sürətini, keyfiyyətini daha da artırdı. Bugünkü qələbəyə görə çox şadam. Bu gün xarakter göstərdik. Komanda çətin vəziyyətdən çıxmaq üçün özündə güc də tapdı. Hər dəfə onlara deyirəm ki, bacarırsınız. "Zirə", "Neftçi", "Sabah", "Turan Tovuz", "Qəbələ"yə qarşı keyfiyyətli oyunlarımız olub. Komanda keyfiyyətli oyun göstərə bilir, sadəcə onu nəticəyə çevirə bilmirdik. Fasilədən sonra paltardəyişmə otağında komandanın ruhunu gördüm. İnam yarandı ki, fasilədən sonra geridönüş edə bilərik. Onu da bacardıq. Psixoloji baxımdan çox vacib qələbədir".