Ançelotti Neymara şərt qoydu
"Neymarın oyununu xüsusi nəzarət altına almağa ehtiyac yoxdur – hər kəs yaxşı bilir ki, o, böyük istedada sahibdir. Lakin müasir futbolda bu istedadı tam şəkildə nümayiş etdirmək üçün yüksək fiziki hazırlıq önəmlidir".
90plus.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bu fikirləri Neymarın hansı şərtlərlə milli komandaya dəvət oluna biləcəyi barədə danışarkən bildirib.
Təcrübəli çalışdırıcı qeyd edib ki, ulduz futbolçu yalnız müəyyən səviyyəyə çatdığı halda komandada yer ala bilər: "Əgər əvvəlki forması ilə geri dönsə, o zaman problemsiz şəkildə yığmada oynayacaq. Hamı onun ən yaxşı fiziki vəziyyətinə qayıtmasını arzulayır. Mən onunla danışdım və dedim: “Zamanın var, sağal və dünya çempionatında komandana maksimum dəstək ver”.
Ançelotti onu da vurğulayıb ki, bu mövzuda Neymarla Paraqvayla oyundan əvvəl oteldə söhbət aparılıb: "Bizim yanaşmamız dəyişməzdir. Onu pleymeyker və ya hücum xəttində oynatmaq fikrindəyəm. Neymarı daha çox mərkəzə yaxın mövqedə yerləşdirmək lazımdır. Çünki artıq cinahda əvvəlki qədər təsirli ola bilməz. Müasir futbolda bu mövqedə güclü fiziki göstəricilər tələb olunur. Lakin hücuma meyilli yarımmüdafiəçi kimi problemsiz çıxış edə bilər".
Qeyd: Neymar yaxın zamanda zədəsini sağaldaraq yaşıl meydanlara qayıdıb.
© Copyright 2026, All Rights Reserved