“Araz”ın çalışdırıcısı: “Yaxşı mövsüm alınmadı”
Misli Premyer Liqasının 32-ci turunda “Araz-Naxçıvan” öz meydanında “Kəpəz” üzərində 2:0 hesablı qələbə qazanıb. Oyundan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Andrey Demçenko matçı dəyərləndirib.
90plus.az xəbər verir ki, ukraynalı mütəxəssis komandasının meydanda istədiyi futbolu nümayiş etdirdiyini bildirib:
“Qələbə münasibətilə hər kəsi təbrik edirəm. Futbolçular bu gün meydanda tapşırıqları düzgün yerinə yetirdilər. Məşqlərdə üzərində işlədiyimiz məqamların qarşılığını gördük. Oyuna nəzarət edən tərəf biz idik və rəqib üçün problemlər yaratmağa çalışdıq”.
Demçenko komandanın avrokubok şanslarını itirməsinin futbolçuların motivasiyasına təsiri barədə danışarkən, hər oyunun futbolçular üçün özlərini sübut etmək baxımından vacib olduğunu vurğulayıb:
“Mövsüm bizim üçün istədiyimiz kimi keçmədi. Ardıcıl beş məğlubiyyət avrokuboklara vəsiqə qazanmağımıza mane oldu. Amma futbolçular başa düşürlər ki, qarşılaşmalar onlar üçün yeni şansdır. Çox əlavə motivasiyaya ehtiyac yoxdur”.
Baş məşqçi şəxsi gələcəyi ilə bağlı suala da münasibət bildirib. O, mövsümü uğurlu hesab etmədiyini və yekun qərarın klub rəhbərliyindən asılı olacağını deyib:
“Mən özüm də düşünürəm ki, yaxşı mövsüm alınmadı. Komanda vahid bir mexanizmdir. Burada həm futbolçuların, həm də məşqçilərin məsuliyyəti var. Bundan sonrakı qərarı rəhbərlik verəcək”.
© Copyright 2026, All Rights Reserved