"Aris"in baş məşqçisi: "Klublarınız inkişaf edir"
"Aris" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk qarşılaşmasında sabah Bakıda "Araz-Naxçıvan"ın qonağı olacaq.
90plus.az xəbər verir ki, Yunanıstan klubunun baş məşqçisi Marinos Ouzounidis oyundan əvvəl təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Bakıya ilk dəfə gəlmirəm. Daha öncə "Qəbələ" ilə oyun üçün burada olmuşam. Futbolçularımdan matçın ilk dəqiqələrindən maksimum ciddiyyət tələb edirəm. Sabah bizi çətin rəqib gözləyir. "Araz-Naxçıvan"ın ötən mövsümdəki bəzi oyunlarını, həmçinin yeni mövsüm öncəsi keçirdiyi iki yoxlama matçını izləyib analiz etmişik. Qarşıda bizi nə gözlədiyini bilirik. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Növbəti mərhələyə çıxmaq üçün sabahdan üstünlük qazanmaq istəyirik.
Start heyətinin müəyyənləşdirilməsi
Demək olar ki, heyəti müəyyənləşdirmişik. Bir neçə oyunçu ilə ayrıca danışmışam. Hələ tam hazır olmayan futbolçularımız var. Komandaya gec qoşulanlar da mövcuddur. Təcrübəli və keyfiyyətli oyunçulara güvənəcəyik. Hər kəs meydanda bütün gücünü sərf etməlidir.
"Araz-Naxçıvan" barədə bildikləri
Yetərincə məlumatımız var. Onların oyunlarını izləyib analiz etmişik. Lazım olan informasiyanı toplamışıq. Bu dövrdə futbolla bağlı bütün məlumatlara rahatlıqla çatmaq mümkündür. Əminəm ki, rəqib də bizim haqda kifayət qədər məlumat əldə edib.
Hazırlıq oyunlardakı pis nəticəsinə görə narahatlıq
Xeyr, bu normaldır.
Azərbaycan futbolunda dəyişikliklər
"Qarabağ"ı hər il avrokuboklarda izləyirik. "Neftçi" barədə də məlumata sahibəm. Azərbaycan klublarının səviyyəsi ildən-ilə yüksəlir. 15-20 il əvvəllə müqayisədə daha keyfiyyətli legionerlər transfer olunur. "Araz-Naxçıvan"ın heyətində də çoxlu əcnəbi oyunçu var. Bu, klubların inkişaf etdiyini və daha yaxşı nəticələr üçün çalışdığını göstərir.
"Aris"in üstün tərəfləri
Bu, mətbuat konfransında açıqlanacaq məsələ deyil. "Araz-Naxçıvan" avrokuboklarda ilk dəfə oynayır. Baş məşqçiləri yaxşı iş görüb, komanda intizamlı və hücumda yaradıcıdır. Biz isə öz çempionatımızda dominant futbol oynamağa çalışırıq.