“Aris”in baş məşqçisi: “Utancverici gecə idi”
“Aris”in baş məşqçisindən “Araz-Naxçıvan”la oyundan sonra sərt açıqlama: “Utancverici gecə idi”.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Araz-Naxçıvan”la heç-heçə edərək (2:2) avrokuboklarla erkən vidalaşan “Aris”in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis matçdan sonra emosional açıqlamalar verib.
Salonikidəki görüşdə üstünlük əldə edə bilməyən yunanıstanlı mütəxəssis komandasının oyunundan və nəticədən narazılığını gizlətməyib:
“Bu mənzərə stadiona gələnlər üçün utancverici idi. Amma təkcə azarkeşlər üçün yox, futbolçularımız üçün də. Oyunun əvvəlində buraxdığımız səhvlərin bədəlini ağır ödədik. Rəqibin qırmızı vərəqə alması bizim işimizi asanlaşdırsa da, ikinci qolu çox gec vurduq. Mövsüm boyu avrokuboklar üçün hazırlaşırsan, amma bəzən sonluq belə olur”.
Uzunidis məğlubiyyətin bütün məsuliyyətini üzərinə götürdüyünü də vurğulayıb:
“Bu nəticənin məsuliyyətini tam şəkildə boynuma alıram. Komandamız təxminən iki həftəyə formalaşdırılıb. Buna baxmayaraq, başımızı dik tutmalıyıq. Bu cür oyunlar futbolçularımıza təcrübə qazandıracaq”.
Yunanıstanlı baş məşqçi qarşılaşmada VAR sisteminin olmamasından da gileylənib:
“VAR tətbiq edilən turnirlərdə vəziyyət daha fərqli olur. Bir epizodda “Araz-Naxçıvan”ın oyunçusu ikinci dəfə qırmızı vərəqə ilə cəzalandırıla bilərdi. Həmçinin penalti qərarı da VAR ilə dəyişə bilərdi. Amma olan oldu – bu da futbolun bir parçasıdır”.
Qeyd: “Araz-Naxçıvan” Bakıda 2:1 hesablı qələbədən sonra səfərdə 2:2 hesablı heç-heçə sayəsində UEFA Konfrans Liqasının 3-cü mərhələsinə yüksəlib və Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved