“Aris”in çalışdırıcısı: “Cavab oyunu başqa cür olacaq”
“Aris”in baş məşqçisi: “Araz-Naxçıvan bizdən üstün idi, cavab matçı isə fərqli olacaq”.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Aris” səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub oldu. Matçdan sonra keçirilən mətbuat konfransında Yunanıstan klubunun baş məşqçisi Marinos Ouzounidis nəticəni məyusedici adlandırıb.
Təcrübəli çalışdırıcı oyunun gedişi ilə bağlı fikirlərini belə ifadə edib:
“Bizim üçün pis nəticədir. Qol vurduqdan sonra nəzarəti itirdik. Daha soyuqqanlı olmalı idik. Hətta üçüncü qolu da buraxa bilərdik. Bu qəbuledilməzdir. İkinci hissənin çətin keçəcəyini bilirdik. İndi bu oyunu unudub cavab matçına köklənməliyik”.
M.Ouzounidis rəqibin üstün oyun sərgilədiyini və qələbəyə layiq olduğunu da etiraf edib:
“Araz-Naxçıvan” bütün komponentlərdə bizdən üstün idi. Onların qələbəsi tamamilə layiqli idi”.
Cavab oyunu haqda danışan baş məşqçi vəziyyətin dəyişəcəyini bildirib:
“Tamamilə fərqli oyun olacaq. Bunu özünüz də görəcəksiniz. Bizim bir həftə vaxtımız var. Bəzi oyunçular fiziki baxımdan istədiyimiz formada deyildi. Təcrübəli heyətimiz var və onların düzgün reaksiya verəcəyinə inanıram. Qollar zamanı kobud səhvlərə yol verdik”.
Ouzounidis futbolçularının kobud davranışlarına da münasibət bildirib:
“Bu rəsmi oyundur və emosiyaların olması normaldır. Amma ikinci oyunda daha soyuqqanlı olmalıyıq. Üzərində işləməli olduğumuz detalları dəqiq bilirik”.
Məğlubiyyətin səbəblərinə toxunan “Aris”in çalışdırıcısı əsas problemi komandasında gördüyünü deyib:
“Rəqibin necə oynayacağını bilirdik, bizi təəccübləndirən bir şey olmadı. Əsas problem bizim komandada idi. İstədiyimiz nəticəni ala bilmədik. Cavab matçında azarkeşlərimizin dəstəyi ilə qalib gəlib növbəti mərhələyə yüksəlmək istəyirik”.
© Copyright 2026, All Rights Reserved