“Barsa” “Ayntaxtdan” 6100 avro tələb edir
“Barselona” “Ayntraxt Frankfurt”dan stadionda vurulan zərərə görə 6 100 avro tələb edəcək.
90plus.az xəbər verir ki, “Barselona” klubu UEFA Çempionlar Liqasında “Ayntraxt Frankfurt”a qarşı keçirilmiş oyundan sonra Almaniya təmsilçisinə maliyyə tələbi irəli sürməyə hazırlaşır.
RAC1 radiosunun məlumatına görə, Kataloniya klubu “Kamp Nou”da baş verən insidentlər zamanı qonaq azarkeşlərin vurduğu zərərə görə “Ayntraxt Frankfurt”dan 6 100 avro ödənilməsini istəyəcək.
Qeyd: Qarşılaşma “Barselona”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Jül Kunde ikinci hissədə vurduğu iki qolla komandasına qələbə qazandırıb. Bu oyun eyni zamanda yenilənmiş “Kamp Nou”da 45 min azarkeş tutumu ilə keçirilən ilk Çempionlar Liqası matçı olub.
Məlumata görə, qonaq azarkeşlər ev və səfər sektorlarını ayıran baryerin bir hissəsini sındırıb, bir neçə oturacağı zədələyib, həmçinin fişənglər yandıraraq tribunaya atıblar. Bundan əlavə, qonaq sektoruna ayrılmış sanitar qovşaqlar vandalizmə məruz qalıb, avadanlıqlar sıradan çıxarılıb və ərazi “Ayntraxt Frankfurt”a aid stikerlərlə örtülüb.
Baş verənlər səbəbindən Kataloniya polisi matçdan əvvəl, oyun zamanı və sonra bir neçə dəfə müdaxilə etməli olub. Nəticədə 5 nəfər saxlanılıb, 12 şəxs oğurluq və mənimsəmə ilə bağlı araşdırmaya cəlb olunub, 12 inzibati protokol tərtib edilib və 17 azarkeş stadiondan kənarlaşdırılıb.
“Barselona” rəhbərliyi baş verənlərlə bağlı UEFA-ya geniş hesabat göndərərək intizam tədbirləri görülməsini tələb edib. Eyni zamanda klub stadion əmlakına dəyən 6 100 avroluq zərərin “Ayntraxt Frankfurt” tərəfindən ödənilməsini istəyir.
© Copyright 2025, All Rights Reserved