“Barselona” UEFA-ya şikayət yolladı
“Barselona” UEFA-ya rəsmi şikayət etdi!
90plus.az xəbər verir ki, “Barselona” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko Madrid”ə qarşı keçirilən və 0:2 hesabı ilə uduzduqları matçdakı hakim qərarları ilə bağlı UEFA-ya rəsmi şikayət təqdim edib.
Kataloniya klubunun yaydığı açıqlamada bildirilir ki, klubun hüquq xidməti qarşılaşmada baş vermiş hakim və VAR qərarlarının mövcud qaydalara zidd olduğunu hesab edir. “Barselona”nın fikrincə, bu qərarlar oyunun gedişinə və nəticəsinə birbaşa təsir göstərib.
Şikayətin əsas predmetini matçın 54-cü dəqiqəsində yaşanan epizod təşkil edir. Klubun iddiasına görə, oyun qaydalara uyğun şəkildə bərpa edildikdən sonra rəqib futbolçu cərimə meydançası daxilində topa əllə toxunub, lakin hakim penalti təyin etməyib. VAR sistemi də həmin epizoda müdaxilə etməyib.
“Barselona” UEFA-dan məsələ ilə bağlı araşdırma başlanmasını, hakimlər arasındakı kommunikasiya qeydlərinə çıxış verilməsini, eləcə də səhv təsdiqlənərsə, bunun rəsmi şəkildə tanınmasını və müvafiq tədbirlərin görülməsini tələb edib.
Klub əlavə edib ki, bu, son illərdə Çempionlar Liqasında komandaya qarşı baş verən ilk mübahisəli hakim qərarı deyil. Kataloniya təmsilçisi hesab edir ki, bu cür anlaşılmaz qərarlar onların digər klublarla bərabər şərtlərdə rəqabət aparmasına mane olur.
© Copyright 2026, All Rights Reserved