“Barselona”nın xanım əfsanəsi gedir
“Barselona”nın və qadın futbolunun canlı əfsanəsi hesab olunan Aleksiya Putelyas karyerasında yeni səhifə açmağa hazırlaşır.
Kataloniya klubu ispaniyalı ulduzun mövsümün sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, 13 il “Barselona” forması geyinən Aleksiya klub tarixinin ən önəmli simalarından birinə çevrilib. O, bu müddətdə 500-dən çox oyunda meydana çıxaraq 230-dan artıq qol vurub və saysız-hesabsız uğurlara imza atıb. Yarımmüdafiəçi “Barselona” ilə 10 dəfə İspaniya çempionluğu, 4 dəfə isə UEFA Qadınlar Çempionlar Liqasının qalibi olub.
İkiqat “Qızıl top” mükafatçısı olan Putelyas həm də qadın futbolunun inkişafında böyük rol oynayan oyunçulardan biri kimi qiymətləndirilir. Onun liderliyi və meydandakı təsiri “Barselona”nın son illərdə dünya futbolunda dominant qüvvəyə çevrilməsində əsas amillərdən biri olub.
Məlumata görə, 31 yaşlı futbolçu yayda azad agent kimi komandadan ayrılacaq. Hazırda İngiltərənin qadınlardan ibarət Super Liqasında çıxış edən “London Siti” onun transferi üçün danışıqlar aparır. Bununla yanaşı, ABŞ Qadın Futbol Liqasından da Aleksiya Putelyasa marağın olduğu bildirilir.
Putelyasın gedişi “Barselona” üçün bir eranın sonu hesab olunur. Klub azarkeşləri isə onu artıq indidən qadın futbol tarixinin ən böyük simalarından biri kimi yola salırlar.
© Copyright 2026, All Rights Reserved