Günün oyunu: Konfrans Liqası, FİNAL!
Konfrans Liqası finalı bu gün futbolsevərlərin diqqət mərkəzində olacaq.
Finalda İngiltərənin "Kristal Pelas" klubu İspaniyanın "Rayo Valyekano" komandası ilə üz-üzə gələcək.
90plus.az xəbər verir ki, qarşılaşma bu gün saat 23:00-da keçiriləcək. Matç Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena” stadionunda baş tutacaq.
Bu görüş hər iki klub üçün Avropada ilk böyük final kimi tarixə düşür. "Kristal Pelas" baş məşqçisi Oliver Qlasner üçün də xüsusi əhəmiyyət daşıyır — o, müqaviləsinin bitməsindən sonra komandadan ayrılacaq və mümkün son oyununda kubok qazanmağa çalışacaq.
London təmsilçisi Premyer Liqada çətin mövsüm keçirib və turniri 15-ci pillədə başa vurub. Komanda son turda “Arsenal”a 1:2 hesabı ilə uduzub.
"Rayo Valyekano" isə əla formadadır. Madrid təmsilçisi bütün turnirlərdə son 9 oyundur məğlub olmur. Baş məşqçi İniqo Peresin komandası La Liqada 8-ci yeri tutaraq avrokuboklara vəsiqəni az fərqlə qaçırıb. İndi isə Konfrans Liqasında qələbə Avropaya dönüş üçün yeganə şansdır.
Statistikalar da gərgin mübarizə vəd edir. "Kristal Pelas" bu mövsüm Avropada 25 qol vuraraq turnirin ən məhsuldar komandasıdır. "Rayo" isə səfər oyunlarında sabit çıxışı ilə seçilir və ümumilikdə bu mövsüm yalnız 3 dəfə məğlub olub.
Komandalarda bəzi itkilər də var. "Kristal Pelas"da Kris Riçards və Adam Uortonun durumu sual altındadır. Eddi Nketiya və Şeyk Dukure isə zədəlidir. "Rayo Valyekano"da isə İlias Axomaş zədə səbəbindən böyük ehtimalla oynaya bilməyəcək.
Konfrans Liqası, Final:
Saat 23:00 Kristal Pelas - Rayo Valyekano
Yayım: CBC Sport; TV NET; TRT Spor; Okko Sport; Digiturk Play Turkey; tabii Turkey
© Copyright 2026, All Rights Reserved