Xulian Alvares “Atletiko”dan getmək istədiyini dedi
Xulian Alvares “Atletiko”dan ayrılmaq istəyir – “Arsenal” və PSJ döyüşə qoşuldu.
90plus.az xəbər verir ki, Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares yay transfer dönəmində komandadan ayrılmaq istəyir.
Məlumata görə, argentinalı futbolçu artıq klub rəhbərliyinə getmək istədiyini bildirib. Hazırda onun əsas arzusu “Barselona”ya keçid olsa da, Kataloniya klubunun maliyyə vəziyyəti bu transferi çətinləşdirir.
Bildirilir ki, Madrid təmsilçisi futbolçu üçün 100 milyon funt sterlinqdən çox -təxminən 120 milyon avro tələb edir və “Barselona” bu məbləği ödəməyə hazır deyil.
Bunun fonunda Londonun "Arsenal" klubu və Paris təmsilçisi Paris Sen-Jermen transfer üçün hərəkətə keçib. Hər iki klubun “Atletiko”nun tələb etdiyi məbləği ödəməyə hazır olduğu vurğulanır.
Digər tərəfdən, “Barselona”nın transferin dəyərini azaltmaq üçün Ferran Torres variantını Madrid klubuna təklif etdiyi qeyd olunur. Lakin ispan hücumçunun “Atletiko”ya keçməyə maraq göstərmədiyi bildirilir.
Mənbələrin iddiasına əsasən, Madrid klubu artıq Alvaresin satışı məsələsinə əvvəlki ilə müqayisədə daha açıq yanaşır. Buna baxmayaraq, paytaxt təmsilçisinin danışıqlarda sərt mövqe sərgiləyəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved