“Man Siti”də Qvardiolanı Mareska əvəzləyir
“Mançester Siti”nin yeni baş məşqçisi müəyyənləşdi – Qvardiolanı Mareska əvəz edir.
90plus.az xəbər verir ki, “Mançester Siti” klubu yeni baş məşqçisi ilə bağlı qərarını verib.
İnsayder Fabrisio Romanonun yaydığı məlumata görə, Enzo Mareska İngiltərə nəhənginin yeni çalışdırıcısı olacaq. Tərəflər arasında 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulan 3 illik müqavilə artıq imzalanıb.
Məlumata əsasən, italiyalı mütəxəssis klubun transfer strategiyasında da tam şəkildə iştirak edəcək. Razılıq tam yekunlaşıb və yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.
Beləliklə, Pep Qvardiola dövrü başa çatdıqdan sonra “şəhərlilər” yeni eranı Mareska ilə başlayacaq.
Qeyd: Mareska daha əvvəl “Mançester Siti”də Qvardiolanın köməkçisi kimi çalışıb. Bu səbəbdən klubun oyun fəlsəfəsinə və daxili sisteminə yaxından bələddir. Klub rəhbərliyi də məhz bu amillərə görə onun namizədliyini ideal seçim hesab edib.
Qvardiola isə “Etihad”dakı 10 illik fəaliyyəti dövründə klub tarixinin ən uğurlu məşqçisi olub. İspaniyalı mütəxəssis bu müddətdə “Siti” ilə 20 titul qazanıb. Onların arasında bir neçə Premyer Liqa çempionluğu, UEFA Çempionlar Liqası və ölkə kubokları da yer alır.
Hətta son mövsümündə də Qvardiola komandası ilə daxili “dubl” etməyi bacarıb.
Mareskanı isə yeni və çətin dövr gözləyir. Klub artıq heyətin yenilənməsi prosesinə start verib. “Siti” son dönəmdə Rayan Çerki, Abdukadir Xusanov, Marl Qeyi və Antuan Semenyo kimi futbolçuları heyətinə qatıb.
Bundan başqa, klubun yay transfer dönəmində Elliot Anderson ilə də maraqlandığı bildirilir.
2025/26 mövsümünü ikinci pillədə başa vuran “Mançester Siti” azarkeşləri yeni baş məşqçidən komandanı yenidən bütün titullar uğrunda mübarizəyə qaytarmağı gözləyirlər.
© Copyright 2026, All Rights Reserved