“Belə bir atmosferdə mərhələ keçmək ikiqat uğurdur” Əfran İsmayılov
“Araz-Naxçıvan” tarix yazdı: “Aris”in azarkeş təxribatına rəğmən mərhələ keçildi – Oyunçu və məşqçidən AÇIQLAMALAR...
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində əzmkar oyunla mərhələ adlayan “Araz-Naxçıvan” futbolçuları və məşqçilər heyəti Yunanıstanda “Aris”lə baş tutan cavab görüşündən (2:2) sonra təəssüratlarını bölüşüblər.
Komandanın təcrübəli müdafiəçisi Bəxtiyar Həsənalızadə səfər matçının kifayət qədər çətin keçdiyini bildirib:
“Bizi çətin oyun gözlədiyini bilirdik. Bakıda qalib gəlsək də, “Aris”in heyətində keyfiyyətli futbolçular var və doğma meydanda azarkeş dəstəyi ilə fərqli oynayacaqlarını bilirdik. Azarkeşlərin fəallığı çox yüksək idi. Matçın əvvəlində iki qol vuraraq üstünlüyümüzü artırdıq. Lakin bir epizodda diqqətsizlik qırmızı vərəqə ilə nəticələndi və azlıqda qaldıq. Müdafiəyə çəkilməli olduq. Hesabı qoruya bilmədik, amma ümumi nəticə baxımından istədiyimizə nail olduq. Komandamız xarakter göstərdi və avrokubok debütündə növbəti mərhələyə yüksəldi. Bu tarixi nəticədir. Növbəti rəqibimiz “Omoniya”ya qarşı da mübarizəmizi sona qədər davam etdirəcəyik. Azarkeşlərimizi stadiona dəvət edirəm – sizin dəstəyiniz bizə əlavə güc verir”.
Komandanın məşqçisi Əfran İsmayılov isə Yunanıstanda yaşanan təxribatlarla bağlı təəssüratlarını bölüşüb:
“Bu oyunda təkcə futbol yox, təzyiq və psixoloji dözümlülük də önəmli idi. Tribunada Ermənistan bayrağı açmışdılar, həm oyunun əvvəlində, həm də sonunda bizi təhqir etdilər. Amma komandamız səbirli oldu, heç bir təxribatlara uymadı. Belə bir atmosferdə mərhələ keçmək bizim üçün ikiqat uğurdur. Bu qələbə yalnız “Araz-Naxçıvan”ın deyil, bütün Azərbaycan xalqınındır. “Aris” çox güclü komandadır, amma biz daha yaxşı oynadıq. UEFA-da bizə əvvəlcə inanmırdılar, çünki bu ilk mövsümümüzdür. Amma sübut etdik ki, büdcə az olsa belə, düzgün transfer siyasəti və fədakar oyunla nəticə qazanmaq mümkündür”.
Əfran İsmayılov həmçinin matç sonrası yaşanan insidentə də toxunub:
“Rəqib uduzmağı qəbul edə bilmirdi. Amma biz futbolçuları sakitləşdirdik, otağa apardıq. Belə halları gözləyirdik. Futbolumuzla cavab verdik. Öz meydanlarında belə, təmkinli davranaraq mərhələ keçməyi bacardıq”.
Baş məşqçi Elmar Baxşıyevin köməkçisi 3-cü təsnifat mərhələsindəki rəqib “Omoniya” ilə bağlı bunları deyib:
“Bu gündən etibarən diqqətimizi tam olaraq “Omoniya” ilə oyuna yönəldirik. Doğrudur, itkilərimiz var – 3 futbolçu cəzalı duruma düşüb. Amma əlimizdə olan resursla maksimum nəticə qazanmağa çalışacağıq. İlk oyun Bakıda keçiriləcək. Azarkeşlərdən stadionu doldurmağı xahiş edirik. Rəqib güclüdür – əvvəllər Azərbaycan klublarını mübarizədən kənarlaşdırıblar. Amma biz də daha yaxşı hazırlaşıb mərhələ keçmək istəyirik. Xalqımızın ümidlərini doğrultmağa çalışacağıq”.
Xatırlatma: Bakıda “Aris”ə 2:1 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” səfərdə 2:2 bərabərlik sayəsində UEFA Konfrans Liqasının 3-cü mərhələsinə yüksəlib. Növbəti rəqib Kiprin “Omoniya” klubu olacaq. İlk oyun avqustun 7-də Bakıda, cavab qarşılaşması isə avqustun 14-də Nikosiyada keçiriləcək.