Benzema “Al İttihad”la anlaşmayıb
Karim Benzema: “Yeni müqavilə imzalamamışam — Al İttihad-la müqaviləm iyunda bitir”.
90plus.az xəbər verir ki, “Al İttihad”ın ulduz hücumçusu Karim Benzema klubla yeni müqavilə imzaladığı barədə yayılan xəbərləri təkzib edib. Fransız futbolçu “L’Équipe”ə verdiyi müsahibədə mövzuya aydınlıq gətirib:
“Yeni müqavilə imzalamamışam. Mənim ‘Al İttihad’la müqaviləm daha altı ay davam edir. Fokusum tam olaraq buna yönəlib”.
Benzema hazırda Dubayda komandası ilə mövsümün ikinci hissəsinə hazırlaşır. Təxminən bir aylıq fasilədən sonra yenidən məşqlərə qayıdan 36 yaşlı hücumçu “L’Équipe”ə geniş müsahibə verərək həm karyerası, həm də keçmiş komandasının — “Real Madrid”in hazırkı durumu barədə danışıb.
Benzema: “Real Madrid"in problemi sadəcə əlaqənin olmamasıdır”
Fransalı hücumçu Madrid klubunun hücum xəttindəki vəziyyəti belə şərh edib:
“Onlarda çatışmayan tək şey əlaqədir. Mbappe, Vinisius, Bellinqem və Rodriqo arasında düzgün bağlantı yoxdur. Hər kəs meydanda nə etməli olduğunu aydın bilməlidir. Bellinqem oyun qurucusudur, qol vuran yox. Mbappe isə əksinə qol vuran oyunçudur. Vinisius müdafiəçi deyil, sol cinah hücumçusudur. Hər kəs öz rolunu düzgün anlayanda məsələ həll olunacaq. Çünki söhbət dünya üzrə ən yaxşı on futbolçu arasına düşən oyunçulardan gedir və onların hamısı eyni komandadadır”.
“Bu, məşqçinin yox, futbolçuların məsuliyyətidir”.
Benzema sistem daxilində uyğunsuzluğun əsas səbəbinin futbolçuların davranışı və xüsusiyyətləri olduğunu deyib:
“Hər kəsin öz xarakteri, öz istəyi var. Hamı ən yaxşı olmaq istəyir, buna görə iş bir az çətinləşir. Hər kəs anlamalıdır ki, öz rolunda komanda üçün faydalı ola bilər. Əgər yanındakı oyunçu səndən yaxşıdırsa, bunu qəbul etməlisən. Problem budur ki, bəzi oyunçular qarşısındakı daha çox qol vuranda bunu qəbul etmirlər”.
Karim Benzemanın mövsümün ikinci yarısı üçün “Al İttihad”da qalacağı dəqiq olsa da, iyunda müqaviləsi bitdikdən sonra fransız ulduzun karyerasını harada davam etdirəcəyi hələlik sual altındadır.