DÇ-2026 seçmə mərhələsində hakim qalmaqalı
90plus.az xəbər verir ki, 2026 Dünya Kubokunun Avropa zonası üzrə B qrupunun beşinci turunda İsveçrə Cenevrədə İsveç yığmasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatsa da, matçın 60-cı dəqiqəsində İsveçrə yığmasının lehinə verilən penalti qərarı ciddi mübahisələrə səbəb olub.
İsveçrənin qollarını 13-cü dəqiqədə Breel Embolo, 60-cı dəqiqədə Granit Xaka (penaltı), 75-ci dəqiqədə Dan Ndoye və 90+4-cü dəqiqədə Johan Manzambi vurub. İsveçin yeganə qolunu isə 33-cü dəqiqədə Benjamin Nygren qeydiyyata alıb.
Bu nəticədən sonra İsveçrə 13 xalla qrup liderliyini qoruyub. 1 xala malik İsveç isə son sırada yer alır. 10 xalla Kosovo ikinci, 3 xala sahib Sloveniya isə üçüncü pillədədir. Kosovo bununla play-off mərhələsini təmin edib.
Oyun 1:1 hesabı ilə davam edərkən, belçikalı hakim Erik Lambrextsin İsveçrə yığması üçün penalti təyin etməsi matçın əsas müzakirə mövzusuna çevrilib. Epizodda Embolo ilə İsveç qapıçısı Viktor Yohanson arasında baş verən mübarizədə Embolonun yerdə qalması hakimi penalti nöqtəsini göstərməyə vadar edib. Caka epizodu qolla tamamlayıb.
Sosial şəbəkələrdə istifadəçilər Yohansonun Emboloya toxunmadığını iddia edib və qərarı “tam bir soyğun”, “inanılmaz” kimi ifadələrlə tənqid ediblər.
İsveç yığmasının futbolçuları da matçdan sonra penalti qərarına qarşı narazılıqlarını bildiriblər.
Komandanın hücumçusu Benjamin Nygren belə deyib:
“Hakim çox ucuz bir penalti verdi. Bu qədər həlledici bir qərarın matçın taleyini dəyişməsi üzücüdür. Epizodu yenidən izləməmişəm, amma meydandakı hissiyat penalti olmadığı yönündə idi. Qətiyyən verilməməliydi.”
İsveç qapıçısı Viktor Yohanson da qərarı tənqid edib:
“Çox ucuz bir qərar idi. Nə deməliyəm bilmirəm, sadəcə üzücüdür. Embolo məndən əvvəl topa çatdı, sonra topu itələyib mənə çırpdı. O vəziyyətdə oradan dərhal çəkilməyim mümkün deyildi.”