DÇ-2026: Vəsiqələrin sayı 34 oldu
DÇ-2026 seçmə mərhələsində daha bir oyun günü başa çatdı – Almaniya və Niderland mundiala vəsiqəni rəsmiləşdirdi.
90plus.az xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün A, G və L qruplarında ümumilikdə 6 qarşılaşma keçirilib. Gecənin ən böyük nəticələrinə Almaniya, Çexiya və Niderland imza atıb.
A qrupunda Şimali İrlandiya Lüksemburqa qarşı minimal hesabla qalib gəlib – 1:0. Günün əsas oyunu olan Almaniya – Slovakiya matçında isə Bundestim rəqibini darmadağın edib – 6:0.
Qollar: https://t.me/doxsanplus/110785
G qrupunda dramatik oyun Maltada yaşanıb. Polşa 5 qollu qarşılaşmada çətinliklə 3:2 hesabı ilə qələbə qazanıb. Niderland isə öz meydanında Litvanı 4:0 hesabı ilə məğlub edib və qrupdakı üstünlüyünü davam etdirib.
Qollar: https://t.me/doxsanplus/110789
L qrupunda Çexiya Cəbəllütariq üzərində böyükhesablı qələbə qazanıb – 6:0. Monteneqro – Xorvatiya duelində isə qonaqlar 3:2 hesablı qələbə ilə üç xal əldə ediblər.
Bu nəticələrlə birlikdə Almaniya və Niderland DÇ-2026-ya vəsiqəni rəsmən təmin edən növbəti Avropa yığmaları oldu. Beləliklə, mundialın artıq 34 iştirakçısı məlumdur.
Turnirə vəsiqə qazanan komandalar:
ABŞ, Kanada və Meksika, həmçinin Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya və Niderland.
ℹ️ 48 komandadan ibarət DÇ-2026 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
© Copyright 2026, All Rights Reserved