Deşam: “Azərbaycan meydanda var gücünü qoyacaq”
Didye Deşam: “Azərbaycan millisinin itirəcəyi heç nə yoxdur”.
90plus.az xəbər verir ki, Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Parisdə baş tutan mətbuat konfransında təcrübəli mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib.
“Biz bütün rəqiblərimizə hörmət edirik. Azərbaycanlı futbolçular Ukrayna ilə son ev oyununda (1:1) milli ruhlarını göstərdilər. Onların itirəcəyi heç nə yoxdur və meydanda bütün güclərini ortaya qoyacaqlar.”
57 yaşlı çalışdırıcı Azərbaycan millisinin müdafiə potensialına diqqət çəkərək, ehtiyatlı oynayacaqlarını vurğulayıb:
“Meydana ‘mütləq qələbə qazanacağıq’ düşüncəsi ilə çıxmamalıyıq. Rəqibin heyətində bu mövsüm Çempionlar Liqasına yaxşı başlayan ‘Qarabağ’ın 7 futbolçusu var. Bizdən çox şey asılı olacaq. Azərbaycan mümkün qədər kompakt müdafiə olunmağa çalışacaq, biz isə bu müdafiəni yarmaq üçün düzgün həll tapmalıyıq.”
Deşam həmçinin bütün diqqətlərinin bu qarşılaşmaya yönəldiyini deyib:
“Hazırda yalnız Azərbaycanla oyunu düşünürəm. Eyni start heyətini saxlamaq niyyətində deyiləm. Meydanda hər şey dəyişə bilər, buna hazır olmalıyıq.”
📅 Qeyd: Fransa – Azərbaycan görüşü oktyabrın 10-da, “Park de Prens” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
© Copyright 2026, All Rights Reserved