Donald Tramp: “Gəl oyunu başqa yerə keçirək”
ABŞ prezidenti Donald Tramp 2026-cı il FIFA Dünya Çempionatı ilə bağlı qalmaqallı açıqlama verib.
90plus.az xəbər verir ki, o, bəzi Amerika şəhərlərini “təhlükəsiz hesab etmədiyi” təqdirdə, oyunların həmin şəhərlərdən köçürülməsinə şəxsən müdaxilə edə biləcəyini bildirib.
Tramp bu fikirləri Ağ Evdə çıxışı zamanı səsləndirib:
“Əgər kimsə işini pis görürsə və mən təhlükəsiz şərait olmadığını düşünürəmsə, FIFA-nın rəhbəri Canni ilə – əla insandır – əlaqə saxlayar və ona deyərəm: ‘Gəlin oyunu başqa yerə keçirək’.”
Onun bu sözləri 2026 mundialının ABŞ-dəki 11 ev sahibi şəhərini — Atlanta, Boston, Dallas, Hyuston, Kanzas-Siti, Los-Anceles, Mayami, Nyu-York/Nyu-Cersi, Filadelfiya, San-Fransisko və Sietl — təhdid altına sala bilər.
Tramp xüsusilə Demokratların idarə etdiyi Sietl və San-Fransisko kimi şəhərlərdə təhlükəsizlik problemlərindən narahat olduğunu vurğulayıb.
O, həmçinin FIFA prezidenti Canni İnfantinoya təsir imkanlarına inandığını da gizlətməyib:
“O, bunu bəlkə istəməsə də, çox rahat şəkildə edərdi.”
© Copyright 2026, All Rights Reserved