Dünya çempionatında ŞOK: Hidayət Heydərov ilk görüşdə uduzdu!
Hidayət Heydərov dünya çempionatına erkən vida etdi – Azərbaycan millisi üçün uğursuz start davam edir...
90plus.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin əsas medal ümidi olan Hidayət Heydərov gözlənilməz şəkildə mübarizəni erkən dayandırıb.
73 kq çəki dərəcəsində çıxış edən və daha əvvəl Olimpiya, dünya və Avropa çempionu titulunu qazanmış təcrübəli idmançı ilk görüşdə Portuqaliya təmsilçisi Otari Kvantidzeyə məğlub olub.
Bu, 1/16 final mərhələsində baş verib və nəticə etibarilə Heydərovun medal şanslarını sıfıra endirib.
Yarışın üçüncü günündə Azərbaycanın digər iki cüdoçusu – Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.
Qeyd: Azərbaycan millisi dünya çempionatında ümumilikdə 13 cüdoçu ilə – 10 çəki dərəcəsində təmsil olunur. Lakin turnirin ilk iki günü də komanda üçün uğurlu olmayıb. Kişilər arasında Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq), qadınlar arasında isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışa erkən vida ediblər.
© Copyright 2026, All Rights Reserved