Dünya çempionatının biletləri cib yandırır -QİYMƏTLƏR
90plus.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il futbol üzrə Dünya Çempionatının bilet qiymətləri azarkeşlər arasında ciddi narazılıq yaradıb.
"FIFA"nın yaydığı açıqlamaya əsasən, turnirin ilk mərhələsi üçün bilet satışına start verilib və artıq 4,5 milyondan çox azarkeş biletləri əldə etmək üçün püşkatmada iştirak edib. İkinci mərhələ bilet satışları isə 27 oktyabrda başlayacaq.
Biletlərin qiymətləri və eyni zamanda ABŞ-dakı nəqliyyat və yaşayış xərcləri nəzərə alındıqda, bu turnirin futbol tarixindəki ən bahalı Dünya Çempionatı olacağı qeyd olunur. Rəsmi qiymət siyahısı təqdim olunmasa da, püşkatma nəticəsində bilet almağa haqq qazanan azarkeşlərin paylaşdığı məlumatlara əsasən, qiymətlər əvvəlki turnirlərlə müqayisədə xeyli yüksəkdir.
Biletlər dörd müxtəlif kateqoriyada təklif olunur. ABŞ-da keçiriləcək açılış oyununa bilet qiymətləri 560 dollardan başlayaraq 2 235 dollaradək dəyişir. Müqayisə üçün, 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatının açılış oyununa bilet qiymətləri 55–618 dollar arasında idi.
ABŞ-da baş tutacaq final qarşılaşmasının ən ucuz bileti 2 030 dollar, ən bahalı bileti isə 6 370 dollardır. Bu isə 2022-ci ildə Qətərdə keçirilmiş finalın qiymətləri ilə müqayisədə azı 10 dəfə yüksəkdir. Həmin vaxt final oyununun biletləri 206–1 607 dollar arasında dəyişirdi.
Digər tərəfdən, əvvəlki çempionatlara ev sahibliyi etmiş Rusiya və Qətər viza prosedurlarını azarkeşlər üçün sadələşdirmişdi. Lakin ABŞ hələlik bu istiqamətdə konkret addım atmayıb.
© Copyright 2026, All Rights Reserved